"Şahtaxtı" Xeyriyyə Cəmiyyəti 1972-ci ildən fəaliyyət göstərir
Bu cəmiyyət 1972-ci ildə Bakıda yaşayan, işləyən və oxuyan bir qrup Şahtaxtılılar tərəfindən yaranmışdır. Bakıda yaşayan Şahtaxtılılar arasında bir-birinə maddi, mənəvi köməyə, xeyrində-şərində dəstəyə, ünsiyyətə ehtiyac duyulurdu. Bu cəmiyyətin yaranması üçün bunlar çox zəruri faktorlar idi. Beləki, şahtaxtılılar arasında varlı adamlar çox az idi. Bu kəndin sakinləri tarixən dostluq, mehribanlıq şəraitində yaşamışdırlar. Bu da onlar arasında qırılmaz tellər yaratmışdır. O dövrlərdə keçmiş Sovetlər İttifaqı zamanı belə bir cəmiyyətin yaradılması və fəaliyyəti çox çətin və qadağalı idi. Beləki, hər hansı bir cəmiyyəti yaratmaq dövlət tərəfindən qadağan idi.
Ancaq bunlara baxmayaraq tarixən mərdlik göstərən şahtaxtılılar heç nədən qorxmayaraq, çəkinməyərək qeyri-rəsmi olaraq “Şahtaxtı” xeyriyyə cəmiyyətini yaratdılar. Açıq səs vermə yolu ilə cəmiyyətin idarə heyyəti seçildi.
Sədr: Səfərov Hüseyn Heydər oğlu
Sədr müavini: Abdullayev Əşrəf Məşədimüslüm oğlu
Xəzinədar: Qasımov Qasım Məhəmməd oğlu
Həmçinin cəmiyyətin şurasına üzvlər seçilir. Şuraya aşağıdakı şəxslər daxildir:
Mahmudov Əhməd Əkbər oğlu
Məmmədov Arif Hüseynqulu oğlu
Seyidov Yasin Mirqasım oğlu
Musayev Əli Ələkbər oğlu
Məmmədov Cəmşid
Musayev Xəlil Cəbi oğlu
Məmmədov Firudin İbrahim oğlu
O zamanlar “Şahtaxtı” xeyriyyə cəmiyyətinin nizamnaməsini onun təşəbbüskarlarından ən fəalı Abdullayev Məhəmməd Məşədimüslüm oğlu tərəfindən aşağıdakı kimi tərtib olunmuşdur.
- Əslən Şahtaxtılı olan hər bir kəs cəmiyyətin üzvü ola bilər.
- Cəmiyyətə üzvlük haqqı bir manat təyin olunsun
- Üzvlükdən imtina edən şəxsə üzvlük haqqı qaytarılmır.
- İdarə heyəti – sədr, sədr müavini və xəzinədar açıq səs vermə yolu ilə seçilsin.
- İdarə heyyətinə nəzarət üçün ağsaqqallar şurası yaradılsın.
“Şahtaxtı” cəmiyyətinin 1972-ci ildə ilk iclasında 200-dən çox adam toplaşmışdı. Baxmayaraq ki, bu Bakı şəhərində yaşayan şahtaxtılıların çox az hissəsini əks etdirirdi yenə də sevindirici idi, çünki bu görüşə elə adamlar gəlmişdilər ki, onların bəziləri illərlə bir-birlərini görmürdülər, bəziləri isə heç tanış deyildilər. Bu adamlar bir-birləri ilə görüşdən çox şad idilər. Hamının üzündə sevinc ifadələri var idi. Bundan sonra belə toplantılar ildən ilə adət halını aldı. Görüş yeri hər il 9 may saat 10:00-da S.Vurğun adına bağda təyin olunurdu və yüksək səviyyədə keçirilirdi. Artıq Sumqayıt şəhərində yaşayan şahtaxtılılar da bu görüşdə çox aktiv iştirak edirdilər. S.Vurğun adına bağda yığılıb söhbətləşəndən sonra işgüzar görüşlər dənizkənarı parklardakı iaşə obyektlərində keçirilirdi.
Bu cəmiyyətin yaranmasında və inkişafında Abdullayev Məhəmmədin, Səfərov Hüseynin, Abdullayev Ələşrəfin, Seyidov Kamranın, Musayev Xəlilin, Rəsulov Asifin, Seyidov Yasinin, Əsədov Fərəməzin, Əhmədov Nəsrəddinin, Əlizadə Məmmədin və hal-hazırda Musayev Cəbrayılın böyük rolu olmuşdur.
Yığıncaqların keçirilməsi üçün yer, şərait olmadığından ilk zamanlar çox vaxt Seyidov Kamranın həyətində keçirilirdi.
“Şahtaxtı” cəmiyyətinin bir qrup ziyalılarının və ağsaqqallarının səyləri və hörmətli Yaşar Əliyevin çox böyük köməyi ilə sözü gedən cəmiyyət üçün I zabrat deyilən ərazidə (Balaxanı yolunun üstündə) qəbirstanlıq sahəsi ayrılmışdır.
“Şahtaxtı” xeyriyyə cəmiyyəti yoxsul, kimsəsiz, imkansız ailələr, xəstə adamlara, istedadlı tələbələrə, işsiz şahtaxtılılara və s. maddi-mənəvi köməklik göstərir. Onların qayğısına qalır, diqqətdə saxlayır.