QASIMOV Qasım Məmmədəli oğlu (d.1934, indiki Kəngərli rayonunun Şahtaxtı kəndi).Fizika-riyaziyyat elmləri namizədi (1978). Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini (1959) bitirmişdir. 1960 ilin aprel ayında müqavilə əsasında Fizika İnstitutundan bu İnstituta elektronlara böyük enerji verən “Elektron sürətləndiricisi” düzəltməyi və onu Fizika İnstitutunda quraşdırmağı öz öhdəsinə götürmüş və bu məqsədlə Moskva Mühəndis Fizika İnstitutuna ezam olunmuşdur. Respublikamızda yeganə olan və Akademiyanın digər İnstitutlarının da elmi-tədqiqat işlərinə xidmət edən bu surətləndiricidə Qasımov Q.M. bir neçə il operatorluq etmiş və elmi-tədqiqat işləri aparmışdır. 1999 ilədək Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda elmi işçi, Azərbaycan Kooperasiya Universitetində baş müəllim və dosent (2000), 2003 ildən etibarən isə həmin Universitetdə “Ümumtexniki fənlər ” kafedrasının müdiri vəzifəsində çalışır. O, 50-yə qədər elmi məqalənin müəllifidir və 3 müəlliflik şəhadətnaməsi almışdır. 1972 ildən “Şahtaxtı” xeyriyyə cəmiyyətinin xəzinədarıdır.