YUBİLEYLƏR

Mahmudov Əhməd Əkbər oğlunun 90 yaşı tamam olur.
Allah rəhmət eləsin, qəbri nurla dolsun! AMİN!

25.05.1923

AMEA-nın akademiki, iqtisad elmləri doktoru, professor Mahmudov Əhməd Əkbər oğlunun 90 yaşı tamam olur.

MAHMUDOV Əhməd Əkbər oğlu 1923-cü il may ayının 25-də Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) uçot-statistika fakültəsini, 1954-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat bölməsinin (indiki EA-nın İqtisadiyyat İnstitutu) aspiranturasını bitirmişdir. 1956-1958-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi, 1958-1964-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu direktorunun müavini, 1964-cü ildən ömrünün sonunadək isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışmışdır. 1976-1988-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda İqtisad elmləri namizədi və doktoru alimlik dərəcəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri, 1981-1985-ci ilərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq bölməsi akademik katibinin müavini vəzifələrində işləmişdir. Siyasi iqtisadi, aqrar-sənaye komplekslərinin iqtisadiyyatı, ictimai istehsalın intensivləşdirilməsinin iqtisadi problemləri Azərbaycanda o cümlədən Naxçıvan MR-da kənd təsərrüfatının intensivləşdirilməsinin mahiyyəti və nəzəri əsasları, intensivləşdirmənin səviyyəsini müəyyən edən metodika və göstəricilər sistemi, onun əsas yolları, mənbə və xüsusiyyətləri sahəsində tədqiqatlar aparmışdır. Bir neçə kitab və monoqrafiyanın, 150-dən çox elmi məqalənin müəllifidir. Bir sıra mötəbər elmi şuraların, elm və texnika üzrə Respublika Dövlət Mükafatları Komitəsinin üzvü olmuşdur. Elmi kadrlar hazırlanmasında xidməti var. Keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülmüşdür. II dərəcəli Vətən müharibəsi ordeni, digər orden və medallarla təltif edilmişdir. 1960-cı illərin əvvəllərindən ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna rəhbərlik edib. Əhməd müəllimin 25 ildən artıq İqtisadiyyat İnstitutuna rəhbərliyi əsl elmi fədakarlıq idi. Bu böyük alimin qayğı və himayəsi ilə çoxsaylı elmlər namizədləri və doktorlar yetişib. Bu sahədə qazanılan çoxsaylı uğurlar ölkəmizdə iqtisad elmini yüksəklərə qaldırıb. AMEA-nın akademiki, iqtisad elmləri doktoru, professor Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.