Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir.

......................HEYDƏR ƏLİYEV

ŞAHTAXTI-QƏDİM DİYAR

Əlverişli təbbi coğrafi şəraiti olan Şahtaxtı ibtidai insanların məskən saldığı ən qədim yaşayış yerlərindən biri olmuş, burada həyat minillərlə davam etmişdir. Arxeoloji araşdırmalar zamanı Şahtaxtı ərazisindən daş dövrünə aid nukleusların və əmək alətlərinin aşkar olunması burada insanların qədim dövrlərdən məskunlaşdığını sübut edən dəlillərdən biridir. Şahtaxtının zəngin tarixi – arxeoloji abidələri hələ keçən əsrin 30-cu illərində tədqiqatçıların diqqətini çəkmiş, 1936-cı ildə görkəmli Azərbaycan arxeoloqu Ə. K. Ələkbərov Şahtaxtı yaşayış yerində və onun yaxınlığındakı nekropolda qazıntı aparmış, Azərbaycan tarixi üçün olduqca qiymətli olan maddi-mədəniyyət nümunələri aşkar etmişdir. Ə. K. Ələkbərovun tədqiqatları zamanı Şahtaxtı kromlexindən aşkar olunan atla dəfn etmə adəti və Orta Tunc dövrünün son mərhələsinə aid müxtəlif maddi-mədəniyyət nümunələri, o cümlədəm polixrom boyalı küpə Şahtaxtı abidələrini daha da məşhurlaşdırmış, müxtəlif tədqiqatçıların diqqətini buraya cəlb etmişdir. XX əsrin 70-80 –ci illərində Şahtaxtı yaşayış yerində və nekropolunda Azərbaycanın tanınmış arxeoloqlarından V.H.Əliyev, Q. M. Aslanov, Q. H. Ağayev araşdırmalar aparmışlar.Yuxarıda qeyd edilən tədqiqatçıların işləri və bizim apardığımız araşdırmalar zamanı Şahtaxtının qədim tarixi ilə bağlı zəngin mədəniyyət nümunələri aşkar olunmuşdur. Şahtaxtının qədim abidələri Azərbaycan alimlərinin diqqətini çəkdiyi kimi, xarici ölkə alimlərini də özünə cəlb etmişdir. Türkiyə, Almaniya, Avstraliyadan gəlmiş tədqiqatçılar Şahtaxtı abidələrini ziyarət etmiş və dünyanın tanınmış elmi məcmuələrində onlar haqqında məlumat vermişlər.

 

Şahtaxtı e.ə VI-IV minilliklərdən başlayaraq intensiv istifadə olunan yaşayış məskəninə çevrilmişdir. Arxeoloji araşdırmalar zamanı burada Tunc dövrünün müxtəlif mərhələlərinə aid əmək alətləri, sitayiş əşyaları, silahlar və müxtəlif bəzək əşyaları aşkar olunmuşdur. Ə.K.Ələkbərovun apardığı tədqiqatlar zamanı Şahtaxtı yaşayış yerindən tapılan sitayiş əşyaları həm bu ərazidə məskən salan qədim tayfaların ideoloji təsəvvürlərini öyrənmək üçün, həm də qədim dövr sənətimizin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Kür - Araz mədəniyyətinin əsas mərkəzlərindən biri olan Şahtaxtı e.ə. II minillikdə ətrafı möhkəmləndirilmiş bir yaşayış yerinə çevrilmiş, Orta Tunc dövrü Boyalı qablar mədəniyyətinin əsas istehsal ocaqlarından biri olmuşdur. Şahtaxtı nekropolundan aşkar olunan keramika məmulatı Boyalı qablar mədəniyyətinin bu ərazidə müxtəlif inkişaf mərhələsindən keçdiyini təsdiq edir. Araşdırmalar göstərir ki, e. ə III-II minilliklərdə Naxçıvan Yaxın Şərqin ən böyük mədəniyyət mərkəzlərindən biri olmuş, bu ərazidə güclü tayfa ittifaqları və dövlət qurumları formalaşmışdır. Bu dövrdə Naxçıvanın qədim şərq ölkələri ilə iqtisadimədəni əlaqələr saxlamasında əlverişli mövqedə yerləşən Şahtaxtının mühüm rolu olmuşdur. Təsadüfü deyil ki, Şahtaxtıdan uzun müddət keçid məntəqəsi kimi istifadə olunmuş və indi də olunmaqdadır. Tunc dövründə Naxçıvanda istehsal olunan duz, zinət əşyaları, metal və boyalı keramika məmulatı Şahtaxtı vasitəsilə Urmiyaya və Şərqi Anadoluya aparılmış, qiymətli Şərq parçaları, qalay və bəzək əşyaları ilə dəyişdirilmişdir.

 

Orta Tunc dövründə Şahtaxtıda sənətkarlığın müxtəlif sahələri inkişaf etmişdir. Hələ e. ə. IV-III minilliklərdə mis arsen metallurgiyasının sirlərinə yiyələnən Şahtaxtı ustaları e. ə. III minilliyin sonunda qalaylı tunc istehsal etməyi mənimsəmiş, yüksək keyfiyyətli silahlar və bəzək əşyaları hazırlamışlar. Şahtaxtının Orta Tunc dövrü mədəniyyətinin əvəzedilməz sənət əsərləri boyalı keramika məmulatıdır. Şahtaxtı sənətkarlarının mənimsədiyi bu istehsal sahəsi min illər boyu inkişaf edərək yerli əhalinin zövqünə və məişətinə uyğun olaraq dəyişmişdir. Orta Tunc dövrünün son mərhələsində bu mədəniyyət xüsusilə yüksək inkişaf mərhələsinə çatmışdır. Bu dövrə aid Şahtaxtı polixrom boyalı küpəsi üzərində təsvir edilən dinimifoloji səhnə xalqımızın ideoloji görüşlərini öyrənmək üçün olduqca əhəmiyyətlidir. Küpənin gövdəsi üç qurşağa bölünərək naxışlanmışdır. Mərkəzi qurşaqda verilən canavarın keçiyə, vəhşi ata hücum səhnəsi əks başlanğıcların mübarizəsini ifadə etməklə, ölkəmizin ərazisində məskən salan qədim türkdilli tayfaların ideoloji görüşlərini əks etdirir. Şahtaxtı boyalı küpəsi üzərində əks olunan, kökləri şumerlərə gedib çıxan, Manna və Skif incəsənətində tətbiq edilən heyvanların mübarizə səhnəsi tarixi inkişafın müxtəlif mərhələlərində qədim Şərq incəsənətinin populyar motivi olmuş və Azərbaycanın bədii sənətkarlığında indiyədək yaşamaqdadır.

 

Son Tunc və Erkən Dəmir dövründə Şahtaxtı iqtisadi və mədəni cəhətdən xeyli inkişaf etmişdir. Bu dövrdə Şahtaxtının ətrafı möhkəmləndirilmiş yaşayış məntəqəsinə çevrilmiş, ehtimal ki, mühüm inzibati və siyasi mərkəz rolunu oynayan şəhər olmuşdur. Bu dövr Azərbaycanın, o cümlədən Naxçıvanın tarixində ictimai-siyasi proseslərin inkişafı, etnik yerdəyişmələr, tayfalararası toqquşmaların artması ilə xarakterizə olunur. Azərbaycanın qonşuluğunda möhkəmlənən Assuriya və Urartu kimi güclü quldar dövlətlər tez-tez ölkəmizin ərazi bütövlüyünü pozmuş, Vətənimizin içərilərinə doğru irəliləmişlər. Bu zaman Azərbaycanın şimalında, indiki Qarabağ ərazisində məskunlaşan Xocalı-Gədəbəy mədəniyyəti tayfaları cənubdan olan basqınların qarşısını almaq üçün Urmiya hövzəsinə doğru hərəkət etmişlər. Onların bu hərəkəti zamanı Naxçıvanda qoyduqları maddi-mədəniyyət abidələrinin təsiri Şahtaxtı abidələrində aydınca izlənməkdədir.Şübhəsiz ki, cənuba doğru hərəkət edən bu tayfalar Şahtaxtı keçidindəndə istifadə etmişlər.

 

Şahtaxtıda aşkar olunan maddi –mədəniyyət nümunələri, burada qeydə alınan toponimlər, tayfa adları (kəngərli, qazaxlı, dümbülü, səfərli, qanlı, xoylu, peliklər, idirli və s.), əhali arasında yayılan əfsanələr, nağıllar, rəqslər digər folklor nümunələri Azərbaycanın qədim tarixinin, Naxçıvanda məskən salan qədim tayfaların etnik mənsubiyyətinin, xalqımızın ideoloji təsəvvürlərinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Şahtaxtının qədim mədəniyyətləri üçün xarakterik olan cəhətlərdən biri də skeletsiz qəbir abidələrinin aşkar olunmasıdır. Bu dəfn adəti e.ə. III-I minilliklər boyu Şahtaxtıda davam etmişdir. Bizim apardığımız araşdırmalar skeletsiz qəbirlərin yandırma adəti ilə bağlı olduğunu göstərir. Şahtaxtının qədim əhalisi arasında ata, iribuynuzlu və xırdabuynuzlu heyvanlara sitayiş etmək adəti də olmuşdur.

 

Arxeoloji araştırmalar təsdiq edir ki, qədim Şahtaxtı əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Bununla belə aşkar olunan arxeoloji dəlillər burada toxuculuq, daşişləmə, dəri emalı və digər istehsal sahələrinin də inkişaf etdiyini deməyə əsas verir. Toxuculuq, bədii tikmə və dəmirçiliklə bağlı qədim ənənələrin indiyədək davam etməsi heç də təsadüfi deyil. Çünki bu torpaq qədimdən istehsal, mədəniyyət və maarif mərkəzi olmuşdur. Antik və Orta əsrlər dövründə Şahtaxtı Azərbaycanın tarixində mühüm rol oynayan yaşayış məntəqəsi olmuş, mədəniyyətlərin həm cənubdan şimala, həm də şimaldan cənuba ötürülməsində bir körpü rolunu oynamışdır. Şahtaxtı ərazisində Eldəgizlər dövlətinə və Səfəvilərə aid pul dəfinələrinin tapılması bu məntəqənin Azərbaycanın iqtisadi-mədəni əlaqələrində mühüm yer tutduğunu aydın şəkildə göstərir. Əhali arasında olan rəvayətə görə Səfəvi şahları Azərbaycanın şimalına etdikləri yürüşlər zamanı Şahtaxtından dayanacaq məntəqəsi kimi istifadə etmişlər. Kəndin yaxınlığında yerləşən “Şahbağı” adlı toponim və kəndin Şahtaxtı adlandırılması da bununla bağlı olmuşdur. Qədim və Orta əsr mədəniyyətinin ənənələrini davam etdirən Şahtaxtı neçə-neçə tarixi hadisələrin şahidi olmuş, Azərbaycan xalqının inqilabi mübarizə tarixinə şanlı səhifələr yazmışdır. Azərbaycan xalqının taleyüklü məsələlərini həll edən Moskva müqaviləsinin altında Behbud ağa Şahtaxtinskinin imzasının olması da bunu təsdiq edir. XX əsrin əvvəllərində Şahtaxtı kəndi Azərbaycan xalqı üçün dünya şöhrətli, görkəmli ictimai xadim və maarifçi Məmmədağa Şaxtaxtinski, İsasultan Şahtaxtinski, Adilə Şahtaxtinskaya, Elmira Şaxtaxtinskaya, Zəhra Şahtaxtinskaya, Zərifə xanım Əliyeva, Əhməd Mahmudov və Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri Məhəmməd Şahtaxtinski, Toğrul Şahtaxtinski və müxbir üzvü Firudin Məmmədov kimi akademiklər yetişdirmişdir.

Şaytaxtı kəndi əvvəllər olduğu kimi indi də maarif və elm ocağı olaraq qalmaqda xalqımızın mədəniyyət xəzinəsinə öz töhfələrini verməkdədi.

Təkcə onu demək kifayətdir ki, bu kənddə dünyaya göz açan və bu kəndi dünyaya tanıdan 6 akademik, onlarla elmlər doktoru, əllidən çox elmlər namizədi, yüzlərlə yüksək səviyyəli mahir mütəxəssis respublikamızın, eləcə də xarici ölkələrin elmi müəssisələrində, sənaye və təsərrüfat sahələrində əzmlə çalışırlar.

 

 

 

...