ŞAHTAXTI KƏNDİ
....Şahtaxtı kəndi Kəngərli r-nunun ərazisində yerləşir. Şahtaxtı kəndinin tarixinə qısa nəzər saldıqda görürük ki, Şahtaxtı insanların məsgunlaşdığı qədim bir yerdir. Beləki, Tunc – ilk Dəmir dövrlərinə aid şəhər yeridir. Təbii-coğrafi cəhətdən əlverişli mövqedə yerləşir. Abidənin üzərində və ətrafında aşınma nəticəsində dağılmış daş və torpaq yığıntılarından ibarət tikinti qalıqları izlənilir. Tədqiqatlar (1936 və 1979-90) nəticəsində müəyyən edilmiş mədəni təbəqə tikinti qalıqları, əmək alətləri, gil qab sınıqları və çürüntü qarışığından ibarət olub 3- 4,5 m qalınlığındadır. İri daşlardan tikilmiş möhtəşəm qala divarının (eni 2.2- 2.6 m, hünd. 1.2- 2.45 m) və yaşayış binalarının qalıqları xüsusi maraq doğurur. Bu dövrdə Şahtaxtı qala-şəhər tipli yaşayış yerinə çevrilmiş, Naxçıvanın iri tayfa ittifaqlarından birinin mərkəzi olmuşdur. Şahtaxtında dulusçuluq, metalişləmə, zərgərlik və s. yüksək inkişaf etmişdi. Buradan tapılmış zəngin boyalı keramika, slindrik möhür (e.ə.15-14 əsrlər), nəfis bəzək nümunələri Şahtaxtının Yaxın Şərqin qədim mədəniyyət mərkəzləri ilə sıx əlaqə saxladığını göstərir. Şahtaxtından çəhrayı, boz və qara rəngli gil qablar, bəzək şeyləri, daş alətlər və osteoloji qalıqlar əldə edilmişdir. Tapıntılara əsasən Şahtaxtında yaşayış yeri e.ə. 3-1 –ci minilliklərə aid edilir.
....Yaşayış yerinin q. hissəsində qazıntı işləri nəticəsində (5x5m sahədə) dairəvi planlı dulus kürəsi qalığı, şirsiz (qazan, küpə, küp, çölmək, çıraq və s.) və şirli (kasa və boşqab) qablar, gil fiqurlar, iki ədəd şiş uclu bıçaq tiyəsinin müxtəlif hissələri və digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Əldə edilmiş materiallar Şahtaxtı əhalisinin əkinçilik və maldarlıqla yanaşı, sənətkarlıq və ticarətlə də məşğul olduğunu göstərir. Tapıntılara əsasən, Şahtaxtı yaşayış yerinin 7-13 əsrlərə aid olduğu ehtimal edilir.
....Rayonun mərkəzindən 28 km c.-ş.-də, Şərur düzündə yerləşir. Əhalisi 3092 nəfər (2009) əkinçilik və maldarlıqla məşğuldur.
....Orta məktəb, uşaq bağçası, mədəniyyət evi, tibb məntəqəsi, poçt-rabitə şöbəsi var. Kəndin c.-q.-ndə Cinlidərə, ş.-ndə, Qıvraq yaylasının Araz çayına doğru uzanan yamacında isə Şahbağı orta əsr abidələri yerləşir.