QASIMOV Mayis Ələkbər oğlu (06.05.1939, indiki Kəngərli rayonunun Şahtaxtı kəndi). Biologiya elmləri namizədi (1973), biologiya elmləri doktoru (1998), professor. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini (1962-1967) fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan EA Botanika İnstitutunun aspiranturasına (1968) qəbul olmuş, təhsilini davam etdirmək üçün Leninqrad şəhərinə ezam edilmişdir. Azərbaycan EA Xüsusi Konstruktor Bürosunda Boyaq bitkilərindən boyaq maddələrinin alınması texnologiyası laboratoriyasının müdiri (1981-1998), hazırda AMEA-nın Botanika İnstitutunda elmi işçi vəzifəsində çalışır. Təbii boyaqların yeyinti və xalçaçılıq sənayelərində tətbiqinə görə Azərbaycan İxtiraçılar və Səmərələşdiricilər Komitəsinin Fəxri Fərmanı ilə (1974), Moskva şəhərində keçirilən SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində əldə etdiyi elmi-praktiki nəticələrin nümayişinə görə 1-ci dərəcəli diploma, 2 qızıl, 2 gümüş və 4 bürünc medalla (1987), AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur. O, 220-dən artıq elmi əsər, 8 monoqrafiya, 2 kitab, 20-yə yaxın patentin müəllifidir ki, bunların bir çoxu istehsalata tətbiq olunmuşdur. “Şahtaxtı” xeyriyyə cəmiyyətinin fəal üzvlərindən biridir.