Az - Eng - Rus

 

RASİZADƏ Tahir Şeyx Məhəmməd oğlu (1907, Naxçıvan ş.-1942, Krım, Kerç) -kənd təsərrüfatı mütəxəssisi, aqronom və şair. Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rasizadənin oğlu, Azərb. Respublikasının baş naziri A. Rasizadənin atasıdır. Orta təhsilini Naxçıvanda almışdır. Əmisi Hüseyn Cavidin dərs dediyi Bakı darülmüəlliminini, sonra isə Azərb. Kənd Təsərrüfatı İn-tunun aqronomluq fakültəsini bitirmişdir. Bir müddət Gəncədə işlədikdən sonra Lənkəran subtropik bitkilər texnikumunun direktor müavini təyin edilmişdir. Böyük Vətən müharibəsində (1941-45), Kerç uğrunda döyüşlərdə həlak olmuşdur. Şairlik təbi olmuş, ilk şerlərini darülmüəllimində oxuyarkən yazmışdır. Müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Şerləri romantik vüsəti, dilinin axıcılığı, ahəngdarlığı, obrazların və ifadə tərzinin yeniliyi ilə seçilir. ”İki dünya” poemasında bəşəriyyətə fəlakət gətirən ”hərb allahına”, ”qan püskürən”, ”ölüm şahına” lənətlər yağdırır, faşizmin yaratdığı xarabazarlıqların onun özünün “əbədi məzarına” çevriləcəyini inamla bildirirdi. Pyeslər də yazmışdır.

 

...