Az - Eng - Rus

 

ŞAHTAXTİNSKİ Həbibulla Baxşəli oğlu (9.9.1900, (indiki Kəngərli r-nunun Şahtaxtı k.-22.9.1986,Bakı) -kimyaçı (analitik və qeyri-üzvi kimya). Kimya elmləri doktoru (1949), prof. (1950), Azərb. Milli EA akad. (1967). Azərb. Respublikası əməkdar elm xadimi (1974). Azərb. Dövlət Un-tinin (indiki BDU) tibb fakültəsi-ni (1926) və Azərb. Politexnik İn-tunun kimya-texnologiya fakültəsini (1930) bitirmişdir. 1930-72 illərdə respublikanın ali məktəblərində dərs demiş, Politexnik in-tda miqdari kimyəvi analiz kafedrasının, Azərb. Sənaye İn-tunda (indiki Neft Akademiyası) analitik kimya kafedrasının müdiri olmuşdur (1937-59). 1959-86 illərdə Azərb. EA Qeyri-Üzvi və Fiziki Kimya İn-tunda mineral maddələr texnologiyası laboratoriyasının müdiri işləmişdir. Əsas elmi tədqiqatları analitik və qeyri-üzvi kimya texnologiyasının nəzəri və təcrübi problemlərinə həsr edilmişdir. Ş.analitik kimya elmində yeni səhifə açan ”Yodometriyanın arsenat metodu” mövzusunda geniş elmi tədqiqatlar aparmış və bir çox elementlərin analitik təyini üçün yeni arsenat-yodometrik üsul vermiş, Azərb.-ın faydalı qazıntı sərvətlərindən alunitin, dəmir filizinin, titanlı dəniz qumunun, tərkibində faydalı komponentlər olan polimetal filizlərin kompleks emalı üçün orijinal texnoloji sxemlər işləyib hazırlamış, bunların birinin laboratoriya qurğularında və yarımsənaye miqyasında sınaqdan keçirilməsinə nail olmuşdur. Ş.-nin rəhbərliyi ilə metallurgiya z-dlarının tullantı qazlarından konversiya olunmuş təbii qazla elementar kükürdün alınması üzrə iş başa çatdırılmış və istehsalata tətbiq olunması tövsiyə edilmişdir. Ş. kimya fənnini respublikada ilk dəfə tədris edənlərdən biridir. Onun 1937 ildə çapdan çıxmış ”Miqdari kimyəvi analiz“ dərsliyi sonralar (1953) da nəşr olunmuş və bu günədək ali məktəb tələbə və müəllimlərinin istifadə etdiyi ən qiymətli vəsaitdir. Ş. 7 monoqrafiya və dərsliyin, 380-dən çox məqalə və digər elmi əsərin müəllifidir. Yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidməti var. Oktyabr İnqilabı ordeni ilə təltif olunmuşdur.

 

...