Az - Eng - Rus

 

ŞAHTAXTİNSKİ İsasultan Nəcəfqulu oğlu (5.7.1851, İrəvan -18.10.1894, Türki-yə Qars ş) -ziyalı, jurnalist, alim və ictimai xadim. Ə. N. Şahtaxtinskinin qardaşıdır. Tiflis realni gimnaziyasını bitirmiş (1871), Peterburq Əkinçilik İn-tunda təhsil almış, Parisdə və Londonda siyasi iqtisadi, Sürix Politexnikumunda təbiətşünaslığa dair mühazirələrə qulaq asmışdır (1872-75). 1875 ildə ”Təbiətdə və cəmiyyətin iqtisadiyyatında meşənin əhəmiyyəti” mövzusunda dissertasiya müdafiə etmiş, kənd təsərrüfatı elmləri namizədi diplomu ilə Tiflisə qayıtmışdır. Rus, fars, ingilis, fransız və alman dillərini bilirdi. 1875-87 illərdə Tiflisdə mətbuatda çalışmış, ”Tiflisski vestnik” qəzetinin redaksiyasında xarici siyasət şöbəsinin müdiri olmuş, onun səhifələrində aktual mövzulara dair bir sıra məqalələr (“Naxçıvan və Kulpi duz mədənləri”, ”Quba xanlığında torpaq sahibkarlığı”, ”Zaqafqaziya müsəlmanlarının əqli tələbatı”, ”Ağrılı yer” və s.) dərc etdirmişdir. Naşiri olduğu ”Kavkaski kalendar” məcmuəsində (2 sayı çıxmışdır, 1877) müxtəlif təqvimlər, bayramlar, Qafqazın inzibati bölgüsü, coğrafiya, astronomiya, meteorologiya, habelə dövlət idarələri, maarif xadimləri haqqında məlumat verilmişdir. Ş.-nin almanaxda dərc olunmuş irihəcimli ”Şərqin böhranı” məqaləsində Şərqın ictimai-siyasi və iqtisadi həyatına xüsusilə Türkiyənin beynəlxalq münasibətlərinə dair maraqlı mülahizələr irəli sürülür. ”Əkinçi” nin redaktoru H. Zərdabiyə məktubunda (9 may, 1876) qəzetin nəşrini ”qəlbim üçün çox əziz olan iş” deyə hərarətlə alqışlamışdır. 1878 ildən ömrünün sonunadək Qars ş.-ində inzibati işdə çalışmış, xüsusi tapşırıqlar üzrə məmur, hərbi qubernator dəftərxanasında müdir işləmiş, 1883 ildən çıxan ”Kars” adlı həftəlik rus qəzetinin əsas əməkdaşlarından olmuşdur. Zəmanəsinin hazırlıqlı, yüksək mədəniyyətli və alicənab şəxsiyyətlərindən olan Ş. ənənəvi olaraq bir-birinə qarşı qoyulan Qərb-Şərq tarixi-mədəni regionlarının yaxınlaşmasına, qovuşmasına çalışan açıq fikirli ziyalı idi.

 

...