Az - Eng - Rus

 

CAVİD Hüseyn Cavid ( təxəllüsü ; əsl adı və soyadı Hüseyn Abdulla oğlu Rasizadə ; 24.10.1882, Naxçıvan ş. -5.12.1941, Rusiya, İrkutsk vil.) -şair, dramaturq. Ziyalı, tanınmış din xadimi Abdulla Rasizadənin ailəsində doğulmuş, ilk təhsilini Naxçıvanda mollaxanada, sonra isə M.T.Sidqinin ”Tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-98). Klassik üslubda ilk şerlərini də ”Gülçin” və ”Salik” imzaları ilə burada yazmışdır. 1899-1903 illərdə Cənubi Azərb.-da olmuş, Təbrizin Talibiyyə mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Un-tinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra Gəncədə və Tiflisdə, 1915 ildən isə Bakıda müəllimlik etmişdir. C. klassik Azərb. ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, Azərbaycan romantizminin banilərindən, çağdaş Azərb. ədəbiyyatının yaradıcılarından biri olmuşdur.

C. sənəti bədii növ, janr və forma cəhətdən zəngindir. O, lirik şerlərin, lirik-epik poemaların, Azərb. ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. ”Keçmiş günlər” adlı ilk şer kitabı 1913 ildə çap olunmuşdur. Yaradıcılığının ilk dövrlərində ictimai-siyasi lirikaya daha çox diqqət vermişdir. ”Öksüz Əmvər”, ”Çoban türküsü”, ”Kiçik sərsəri”, ”Dün və bu gün”, ”Qadın”, ”Görmədim”, ”Vərəmli qız” və s. şerlərində sosial ədalətsizliyin hökm sürdüyü cəmiyyətdə əməkçi insanların faciəli həyatı təsvir edilir. ”Məsud və Şəfiqə” şerində Bakı neft mədənlərində çalışan fəhlələrin dözülməz vəziyyəti, sahibkarların tüfeyli, firavan həyatı ilə qarşılaşdırılır. ”Sən nəsin, kimsin deyən ariflərə” (1912) poemasında şair insanlara işıqlı həyat, azad gələcək yolu arayırdı. ”Məzlumlar üçün” (1914), ”Qürubə qarşı”, ”Hərb və fəlakət” (1916), ”Hərb ilahı qarşısında” (1917) şerlərində imperialist müharibələrinə nifrət əksini tapmışdır.

C. daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üsub, yazı manerası, forma yeniliyi baxımından Azərb. dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, ”Cavid tearı” kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Mənzum ”Ana” (1910) pyesində nəciblik, sədaqət, mərdlik kimi keyfiyyətlərin yalnız sadə insanlarda olduğu göstərilir. ”Maral” (1912) faciəsində şəxsiyyət və qadın azadlığı məsələsi qaldırılır, ailə münasıbətlərində mürtəce əxlaqi görüşlər tənqid edilir. Azərb. ədəbiyyatında ilk mənzum faciə olan ”Şeyx Sənan” (1914) əsərində xalqları bir-birindən ayıran dini və milli təəssübkeşlik əleyhinə üsyankar etiraz ruhu hakimdir. C. bu dövrdə tədriclə, ”Haqq verilmir, alınır” ideyasına gəlib çıxmışdı. Həmin ideya ”Şeyda” (1917) dramında, ”Haqqını sən mübarizə ilə ala bilərsən” (1918) poemasında daha bariz ifadəsini tapmışdır. ”Şeyda” da C. yalnız ideya və mənəviyyatlardakı ziddiyyəti deyil, real sosial ziddiyyətləri də göstərir, ”füqərayi-kasibə” ni, ”qabarlı əllər” i istismarçılarla mübarizəyə çağırırdı. Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) faciəsində dövrün bütün mürtəce qüvvələri- ”insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, ”iyirminci əsrin mədəni vəhşiləri” olan imperialist dairələri İblis surətində ümümiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırmışdır. Mürtəce qüvvələrlə azadlıq, bərabərlik, sülh, beynəlmiləlçilik, maarif və mədəniyyət dostlarının toqquşması C.-in 1920 ilədək yazdığı əsərlərin başlıca konflikti idi. Bu əsərlərin bədii qayəsinin bəşəriyyətin fəlakətinə ədalətsiz, istismarçı ictimai quruluşların səbəb olması fikri təşkil edir. Estetik ideyalarına sadiq qalan C. bununla yanaşı, 20-30-cu illərdə dövrün nəbzi ilə səsləşən bir sıra əsərlər yaratmışdır. ”Azər” poeması (1920-37) bu əsərlər arasında xüsusi yer tutur. 1926 ildə müalicə üçün Almaniyaya gedən və bir müddət Berlində yaşayan C. vətənə Qərb dünyasının sosial-mənəvi ziddiyyətlərini əks etdirən bir sıra siyasilirik və lirik-epik şerlərlə qayıtdı. ”Nil yavrusu” əsərində C. Müstəmləkə zülmünü qəzəb və nifrətlə damğalayırdı. 20-30-cu illərdə C. bir sıra tarixi dramlar yazmışdır. ”Peyğəmbər” (1922), ”Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), ”Xəyyam” (1935) tarixi dramları C.-in tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi bir dönüş oldu. Şair bu əsərlərində istibdada qarşı üsyan edən kütləni, üsyan başçılarını və Xəyyam kimi azad fikirli bir mütəfəkkiri baş qəhrəman seçmişdir. Faşizim və İkinci dünya müharibəsi təhlükəsinin artması 30-cu illərin əvvəllərində C.-i nahahat edən problemlər idi (“İblisin intiqamı” dramı, 1936). Cənubi Azərb.-dakı azərb.-ların ”şahənşahlığ” üsuli-idarəsinin əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi C.-i düşündürürdü ( “Telli saz” dramı, 1930; ”Kor neyzən” poeması, 1930). C. -in fəlsəfi, siyasi-ictimai görüşləri ”ümumi məhəbbət” ideyasından yüksək humanizmə qədər böyük bir inkşaf yolu keçmişdir. Poeziyası yüksək bədii sənətkarlığı, dərin emosionallığı, səmimiyyəti ilə seçilir.

Anadan olmasının 100 və 110 illik yubileyləri geniş qeyd olunmuşdur. Naxçıvanda və Bakıda ev-muzeyləri yaradılmış, Bakıda, vaxtilə yaşadığı binaya (indiki Azərb. Milli EA Əlyazmalar İn-tunun binası) barelyef-təsviri olan xatirə lövhəsi vurulmuşdur. 100 illik yubileyi ərəfəsində cənazəsi İrkutskı vil. -dən Naxçıvana gətirilib, buradakı ev-muzeyinin yaxınlığında dəfn edilmişdir. Azərb. Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə qəbri üzərində möhtəşəm məqbərə tikilmişdir (1996). 1982 ildə Naxçıvanda ”Hüseyn Cavid poeziya teatrı” açılmışdır. Adına Bakıda, Naxçıvanda və respublikanın digər şəhər və r –nlarında küçə, bağ, məktəb, kitabxana, kino-teatr və s. mədəni maarif müəssisələri var. Bakıda əzəmətli abidəsi ucaldılmışdır.

 

...