Az - Eng - Rus

 

RASİZADƏ Şeyx Məhəmməd Hacı Abdulla oğlu (15.3.1878, Naxçıvan ş. -24.12.1939, orada) -maarif xadimi, müəllim və şair. H. Cavidin böyük qardaşıdır. Təbrizdə, Urmiyada, ehtimal ki, bir müddət Tehranda ruhani təhsili almış, İrəvan maarif idarəsində kurs bitirmişdir (1917). Ruhani təhsil almasına baxmayaraq, 1906 ildən Naxçıvanda üsuli-cədid məktəbinin (“Məktəbi-xeyriyyə”) yaradıcılarından biri kimi pedaqoji fəaliyyətə başlamış, ömrünün sonunadək buradakı orta məktəblərdə, pedaqoji və kənd təsərrüfatı texnikumlarında Azərb. dili və ədəbiyyatından dərs demiş, Azərb. Respublikasının Prezidenti Heydər Əliyevin, habelə Y. Məmmədəliyev, Həsən Əliyev, Məmməd Cəfər, Abbas Zamanov kimi görkəmli alimlərin, yazıçı Əyyub Abbasovun və bir çox digər maarif, elm və mədəniyyət xadimlərinin müəllimi olmuşdur. Şeyx Məhəmməd həmçinin istedadlı şair olmuş, 20-ci əsrin əvvəllərindən “Şərqi-Rus”, ”Həyat”, ”İrşad”, ”Tazə həyat”, ”Təkamül”, ”İqbal”, ”Füyuzat”, ”Açıq söz”, ”Hürriyyət” kimi qəzet və jurnallarda, sonralar isə sovet mətbuatında, xüsusilə ”Şərq qapısı” qəzetində xalqı maarif, elm və mədəniyyətə səsləyən şerlər dərc etdirmişdir. ”Yeddi qız”, birinci cahan müharibəsindən bəhs edən “1914-cü il” (bəzi parçaları 1935 ildə ”Şərq qapısı” qəzetində dərc olunmuşdur) adlı kiçik poemaları var. Fars dilini mükəmməl bilən Şeyx Məhəmməd bu dildə də şerlər yazmış, o cümlədən, böyük İran şairi Firdovsiyə şer və poema həsr etmiş, onun ”Şahnamə” sindən parçaları (“Sultan Mahmuda həcv” və s.) dilimizə çevirmiş, Firdovsi haqqında tədqiqat aparmış, bununla əlaqədar görkəmli şərqşünas K. Smirnovla məktublaşmışdır. ”Azərbaycanı tədqiq və tərəqqi cəmiyyəti” Naxçıvan şöbəsinin tarix, ədəbiyyat bölməsinə rəhbərlik edən Şeyx Məhəmmədin (Şərur qəzasında aparılmış ibtidai tədqiqat haqqında məqaləsi ”Azərbaycanı öyrənmə yolu” jurnalının 1930 il 4-5 sayında dərc olunmuşdur) Naxçıvan folklorunun toplanması sahəsində də diqqətəlayiq iş görmüşdür.Ömrünün son illərində, xüsusilə H. Cavidin həbsindən sonra təzyiq və təqiblərə məruz qalmışdır. Ədəbi irsi H. Cavidin Bakıda və Naxçıvandakı xatirə muzeylərində saxlanılır.

...