• Kəngərli rayonu
  • Şahtaxtı kəndi
  • Məqsədimiz
  • Planlarımız
  • Fəxri adlar
  • Videolar
  • Şəkillər
  • Kitab
  •  

     

     

    Az - Eng - Rus

     

    ŞAHTAXTLI Məhəmməd ağa Məhəmmədtağı Sultan oğlu (1846, indiki Kəngərli r-nunun Şahtaxtı k.-12.12. 1931, Bakı) -publisist, şərqşünas, dilçi, pedoqoq və ictimai xadim. Beynəlxalq Fonetika Cəmiyyəti (1899), Beynəlxalq” Asiya cəmiyyəti” (1900) və Rusiyya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin (1903) həqiqi üzvü. Bakı Un-tinin prof. (1920). Naxçıvan şəhər məktəbini və Tiflis klassik kişi gimnaziyasını (1863) qurtardıqdan sonra, Peterburqda müstəqil yolla alman dilini öyrənmişdir. Leypsiq Un-tinin fəlsəfə, tarix və hüquq fakültəsini bitirmişdir (1869). 1873-75 illərdə Parisdə Şərq dilləri məktəbində mühazirələr dinləmiş, fransız dilini öyrənmişdir. Azərb. rus, alman, fransız, ingilis, ərəb, türk, fars dillərində ədəbi və elmi əsərlər yazmışdır.

    Elmi fəaliyyətə Almaniyada Şərq tarixinə dair tədqiqatlarla başlamışdır. 70-ci illərdə dərc etdirdiyi ilk məqalələrində liberal xalqçılığın təsiri duyulur. Ş. əlifba islahatı sahəsində M. F. Axundovun ardıcıllarındandır. 1879 ildə Şərqdə əlifba islahatı tarixində ilk kitab- “Təkmilləşmiş müsəlman əlifbeyi” ni Tiflisdə nəşr etdirmişdir. Bir müddət ”Moskovskiye vedomosti” qəzetinin əməkdaşı və İstanbulda xüsusi müxbiri işləmişdir. 1891-93 illərdə Ş. ”Kaspi” qəzetinin müvəqqəti redaktoru təyin edilmişdi. 1898 ildə Azərb. dilində ”Tiflis” adlı qəzet çıxarmağa çalışmış lakin çar senzurası buna icazə vermədiyi üçün Ş. yenidən Avropaya getmiş, 1902 ilədək Parisdə yaşamış, Fransa kollecində və Ali Təcrübi Təhsil Məktəbində Şərq dillərindən dərs demişdir. Bu dövrdə fransız dilində nəşr etdirdiyi əsərlər Qərbi Avropa və Amerika mətbuatında müzakirə və mübahisələrə səbəb olmuşdu. Ş. Sorbonna Un-tində prof. P. Passinin rəhbərliyi ilə fonetika sahəsində tədqiqat aparmış, Fransa Maarif Nazirliyinin fəxri diplomunu (1901) almışdır.

    1902 ildə Ş.Tiflisdə xüsusi mətbəə açmış (sonralar ”Qeyrət” adlanmışdır), 1903 ilin martında ictimai –siyasi, iqtisadi, elmi, ədəbi ”Şərqi-rus” qəzetinin nəşrinə başlamışdır. Qəzetin Azərb. -da ictimai fikir tarixinin inkişafında xüsusi xidməti olmuşdur. Onun səhifələrində dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. ”Şərqi rus” qəzeti C. Məmmədquluzadə, M.Ə. Sabir, A. Səhhət, Ö. F. Nemanzadə, H. Cavid, M. S. Ordubadi, Ə. Qəmküsar, Ə. Nəzmi kimi açıq fikirli ədib və mühərrirləri öz ətrafında birləşdirmişdi. Bu yaradıcı heyət Azərb.-da mətbuatın inkişafının yeni mərhələsinin (“Molla Nəsrəddin”) başlanmasına zəmin yaratdı. 1907 ildə İrəvan qub. -dan II Dövlət Dumasına deputat seçilən Ş. Duma bağlandıqdan sonra “Rossiya” (Peterburq) qəzeti redaksiyasında işləmiş, 1908-18 illərdə, xaricdə (əsasən, Türkiyə, İran və İraqda) yaşamışdır. 1919 ildə vətənə qayıtmış, Bakı Un-tinin yaradılmasında fəal iştirak etmiş, burada Şərq dilləri və ədəbiyyatından mühazirələr oxumuşdur. 1920-ci illərdə ”Kommunist “, ”Bakinski raboçi”, ”Qızıl Şərq” (Moskva) qəzetlərində məqalələr dərc etdirmiş, Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin işində yaxından iştirak etmişdir. 1922 ildə Ş. –yə fərdi pensiya təyin olunmuşdu.

    Elmi, tənqidi və publisist əsərlərində Ş. müstəmləkəçilik, irqçilik, qadın əsarəti, dövlət quruluşu, demokratiya, xalq hakimiyyəti, din, şəriət məsələləri və s. haqqında dövrünə görə mütərəqqi fikirlər irəli sürmüşdür. Dövrünün qabaqcıl şəxsiyyətləri Ş.-nın ədəbi, elmi və jurnalistlik fəaliyyətini yüksək qiymətləndirmişlər.

     

     

    ...