RASİZADƏ Artur Tahir oğlu (d.26.2.1935, Gəncə) -dövlət xadimi. SSRİ Dövlət mükafatı laureatı (1971). T. Rasizadənin oğludur. Azərb. Sənaye İn-tunu (indiki Neft Akademiyası) bitirmişdir (1957). Azərb. Neft Maşınqayırma İn-tunda mühəndis, şöbə müdiri, elmi işlər üzrə direktor müavini (1957-73), İttifaq Neft Maşınqayırma Birliyi rəisinin birinci müavini-baş mühəndis (1973-77), Azərb. Neft Maşınqayırma İn-tunun direktoru (1977-78) işləmişdir. Azərb. SSR Dövlət Plan Komitəsi sədrinin müavini (1978-81), Azərb. KP MK Maşınqayırma şöbəsinin müdiri (1981-86), Azərb. SSR Nazirlər Soveti Sədrinin birinci müavini (1986-92), ”İqtisadi İslahatlar Fondu” nun məsləhətçisi (1992-95) Azərb. Respublika Prezidentinin köməkçisi, Baş Nazirin birinci müavini (1996) vəzifələrində çalışmışdır. 1996 ilin noyabrından Azərb. Respublikasının Baş Naziridir. Kompleks qazma qurğularının və neft quyularında püskürmələrə qarşı avadanlığın yaradılmasında və sənayedə tətbiqində iştirak etmişdir. Azərb. Respublikasının Prezidenti Heydər Əliyevin iqtisadi islahatlar siyasətinin uğurla həyata keçirilməsində, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsində mühüm xidmətləri var. Azərb. SSR Ali Sovetinin bir neçə çağırış deputatı seçilmiş, Energetika komissiyasının sədri olmuşdur. SSRİ ordenləri və medallarla təltif edilmişdir.