Rayon və şəhərlər

.....Şərur rayonu - 08 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuş, 1964-1991-ci illərdə Iliç rayonu adlanmışdır. Şimal-şərqdə Ermənistan, cənub-qərbdə Iranla həmsərhəddir. Ərazisi 811,14 kvadrat kilometr, əhalisi 99,3 min nəfərdir (01.06.2008). Mərkəzi Şərur şəhəridir. Rayonda 1 şəhər, 65 kənd vardır.  

         Rayon ərazisi dağlıq və maili düzənliklərdən ibarətdir. Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlimi vardır.  

         Rayon ərazisindən Araz, Arpaçay çayları axır. Rayonda Arpaçay Su Anbarı yerləşir. Əsasən kənd təsərrüfatı rayonudur.

         Rayonda 60 ümumtəhsil məktəbi, peşə liseyi, 6 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 60 kitabxana, 67 klub müəssisəsi, 1 muzey, Arpaçay Tarix-Mədəniyyət qoruğu, 6 uşaq musiqi məktəbi, «Bahar» kinoteatrı, mərkəzi xəstəxana, 8 sahə xəstəxanası, 20 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi, 27 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır. 

         Babək rayonu - 23 oktyabr 1978-ci ildə ümummilli lider Heydər Əliyevin qərarı ilə rayon kimi təşkil olunmuşdur. Şimal-qərbdə Ermənistan, cənubda Iranla həmsərhəddir. Ərazisi 901,68 kvadrat kilometr, əhalisi 69,2 min nəfərdir (01.06.2008). Mərkəzi Babək qəsəbəsidir. Rayonda 1 qəsəbə, 39 kənd vardır.  

         Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir. Rayonun ən yüksək zirvəsi Buzqov dağıdır (2475 m). Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlim tipinə malikdir.

         Rayon mineral sularla zəngindir.  Sirab və Vayxır mineral su bulaqları bütün dünyada məhşurdur. Ərazisindən Araz, Naxçıvançay və sair çaylar axır. Rayonda Uzunoba, Nehrəm, Sirab, Cəhri, Qahab su anbarları və suvarma kanalları  vardır. Əsasən kənd təsərrüfatı rayonudur.  

         Rayonda 38 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 41 kitabxana, 32 klub müəssisəsi, 2 muzey, 5 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, doğum evi, 2 sahə xəstəxanası, 16 həkim ambulatoriyası, 14 feldşer-mama məntəqəsi, 4 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar fəaliyyət göstərir.  

         Ordubad rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə rayon ləğv edilərək Culfa rayonunun tərkibinə verilmiş, 6 yanvar 1965-ci ildə yenidən təşkil edilmişdir. Cənubda Iranla, şimal və şərqdə isə Ermənistanla həmsərhəddir. Ərazisi 972,05 kvadrat kilometr, əhalisi 43,7 min nəfərdir (01.06.2008). Mərkəzi Ordubad şəhəridir. Rayonda 1 şəhər, 3 qəsəbə,  43 kənd vardır.  

         Rayon ərazisi Zəngəzur dağ silsiləsi və Arazboyu düzənliklərdən ibarətdir. Ən yüksək zirvəsi Qapıcıq (3904 m) dağıdır. Yayı quraq və qışı soyuq keçən iqlim tipi vardır.  

         Rayon ərazisindən Araz, Ordubad, Vənənd və sair çaylar axır. Əsasən kənd təsərrüfatı rayonudur.  

         Rayonda 39 ümumtəhsil məktəbi, peşə məktəbi, 5 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 47 kitabxana, 42 klub müəssisəsi, 3 muzey, məşhur «Gəmiqaya» tarixi abidələr kompleksi,  Həsən Əliyev adına Milli Park, Ordubad Tarix-Memarlıq qoruğu, 2 uşaq musiqi məktəbi, «Araz» kinoteatrı, mərkəzi xəstəxana, 4 sahə xəstəxanası, 7 həkim ambulatoriyası, 17 feldşer-mama məntəqəsi, 14 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və başqa təşkilatlar əhaliyə xidmət edir.  

         Culfa rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. Şimal-şərqdə Ermənistan, cənubda isə Iranla həmsərhəddir. Ərazisi 994,4 kvadrat kilometr, əhalisi 39,8 min nəfərdir (01.06.2008). Mərkəzi Culfa şəhəridir. Rayonda 1 şəhər, 24 kənd vardır.  

         Rayon ərazisi Zəngəzur dağ silsiləsi, Arazboyu və Culfa düzənliklərindən ibarətdir. Ən yüksək zirvəsi Dəmirlidağdır (3364 m). Darıdağ, Nəhəcir və sair mineral sular çıxır. Yayı quraq isti, qışı soyuq keçən iqlim tipi vardır.  

         Rayon ərazisindən Araz, Əlincə və sair çaylar axır. Rayonda Bənəniyar su anbarı yerləşir. Əsasən kənd təsərrüfatı rayonudur. Üzümçülük və heyvandarlıq inkişaf etmişdir.   

         Məşhur «Əshabi-Kəhf ziyarətgahı» dini mədəni abidələr kompleksi, «Xanəgah» abidələr kompleksi və «Gülüstan» tarix-mədəniyyət qoruğu Culfa rayonunda yerləşir.    

         Rayonda 27 ümumtəhsil məktəbi, peşə məktəbi, 6 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 30 kitabxana, 37 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, «Əlincə» kinoteatrı, mərkəzi xəstəxana, 1 sahə xəstəxanası, 15 həkim ambulatoriyası, 8 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar fəaliyyət göstərir. 

         Kəngərli  rayonu - 19 mart 2004-cü ildə rayon kimi təşkil olunmuşdur. Cənub və cənub-qərbdə Iran, şimal və şimal-şərqdə Ermənistanla həmsərhəddir. Ərazisi 681,94 kvadrat kilometr, əhalisi 26,7 min nəfərdir (01.06.2008). Mərkəzi Qıvraq qəsəbəsidir. Rayonda 1 qəsəbə, 10 kənd vardır.  

         Rayon ərazisi Dərələyəz dağ silsiləsi və Kəngərli düzündən ibarətdir. Ən yüksək zirvəsi Keçəltəpə (2744 m) dağıdır. Kontinental iqlim tipi hakimdir.   

         Rayon ərazisindən Lizbirt və Cəhri çayları axır. Əsasən kənd təsərrüfatı rayonudur.  

         Rayonda 12 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar tərbiyə müəssisəsi, 12 kitabxana, 13 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, sahə xəstəxanası, 4 həkim ambulatoriyası, 5 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır. 

         Şahbuz rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur.  4 yanvar 1963-cü ildə ləğv edilərək Naxçıvan (indiki Babək rayonu) rayonuna verilmiş, 6 yanvar 1965-ci ildə yenidən təşkil olunmuşdur. Şimal və şərqdə Ermənistanla həmsərhəddir. Ərazisi 814,97 kvadrat kilometr, əhalisi 22,1 min nəfərdir (01.06.2008). Mərkəzi Şahbuz şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə, 23 kənd vardır.  

         Rayon ərazisinin böyük hissəsi Zəngəzur və Dərələyəz dağ silsilələrinin yamaclarında yerləşir. Ən yüksək zirvəsi Salvartı (3160 m) dağıdır. Yayı quraq keçən soyuq iqlim tipinə malikdir.  

         Rayon ərazisində Naxçıvançay və onun qolları (Kükü, Şahbuz, Salvartı) axır. Rayonda Heydər Əliyev Su Anbarı, Qanlıgöl və Batabat gölləri vardır. Əsasən kənd təsərrüfatı rayonudur. Arıçılıq və heyvandarlıq inkişaf etmişdir. 

         Rayonda 23 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 29 kitabxana, 26 klub müəssisəsi, 1 muzey, Şahbuz Dövlət Təbiət Qoruğu, 2 uşaq musiqi məktəbi, «Araz» kinoteatrı, mərkəzi xəstəxana, 2 sahə xəstəxanası, 10 həkim ambulatoriyası, 11 feldşer-mama məntəqəsi, 1 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və başqa təşkilatlar əhaliyə xidmət edir.  

         Sədərək rayonu - 28 avqust 1990-cı ildə rayon kimi təşkil olunmuşdur. Cənub-qərbdən Türkiyə ilə, şimal-qərbdən Ermənistanla həmsərhəddir. Ərazisi 151,34 kvadrat kilometr, əhalisi 13,6 min nəfərdir (01.06.2008). Mərkəzi Heydərabad qəsəbəsidir. Rayonda 1 qəsəbə, 3 kənd vardır.  

         Rayon ərazisi dağlıq və düzənliklərdən ibarətdir. Dəhnə və Vəlidağ yüksəklikləri vardır.  

         Rayon ərazisindən Araz, Qaraçay və Çapan çayları axır. Əsasən kənd təsərrüfatı rayonudur. 

         Rayonda 3 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 5 kitabxana, 4 klub müəssisəsi, 1 muzey, 1 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, 1 həkim ambulatoriyası, 1 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.