Görkəmli Şəxsiyyətlər

    ƏLİYEV HEYDƏR ƏLİRZA OĞLU (10.5.1923, Naxçıvan şəhəri – 12.12.2003, Klivlend, ABŞ; Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur) - dünya tarixinin dahi şəxsiyyətlərindən biri, Azərbaycanın böyük siyasi və dövlət xadimi. Azərbaycan xalqının ümummilli lideri, qurtuluş mübarizəsinin (1990-93) öndəri. Yeni Azərbaycan Partiyasının (1992) banisi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olan müasir Azərbaycan dövlətinin qurucusu və Azərbaycan Respublikasının Prezidenti (1993-2003).

           Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye Institutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. 1941-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR) Xalq Daxili Işlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri işləmişdir. 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmiş, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, leytenantlıqdan general rütbəsinədək yüksəlmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1964-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. Ulu öndər Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyəti dövründə bu mühüm strukturun azərbaycanlılaşdırılması üçün öz xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) iyul (1969) plenumunda AKP MK-nın birinci katibi, MK-nın büro üzvü seçilmişdir. Bununla, ümummilli liderimizin Azərbaycana rəhbərliyinin birinci dövrü başlanmışdır. O, AKP MK-nın avqust (1969) plenumundakı məruzəsi ilə respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyi əsaslı surətdə yaxşılaşdırmağın, dövlət və əmək intizamını möhkəmləndirməyin, kadrların məsuliyyətini artırmağın yeni xəttini müəyyən etmişdir. Bu xətt Heydər Əliyevin sonrakı məruzə və çıxışlarında daha da inkişaf etdirilərək elmi surətdə əsaslandırılmış, respublikanın iqtisadi-siyasi həyatında xalqın mənəviyyatına mənfi təsir göstərən tənəzzül meyllərinin qarşısının alınması, sağlam mənəvi-psixoloji iqlimin, ictimai ovqatın bərqərar olunması uğrunda uzunmüddətli mübariz fəaliyyət proqramına çevrilmişdir. Möhtərəm Heydər Əliyev 1976-cı ilin martında Sov. IKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, eyni zamanda, Sovet Sosialist Respublikaları Ittifaqı (SSRI) Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdir. O, türk-müsəlman xalqlarına qarşı ayrı-seçkilik siyasətinin yeridildiyi şəraitdə SSRI kimi nəhəng bir dövlətin ali rəhbərliyinə ucalmaqla misilsiz dövlət idarəçiliyi istedadı və bacarığı nümayiş etdirmişdir.       Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən mükəmməl iqtisadi inkişaf konsepsiyası hazırlanmış, ənənəvi təsərrüfat sahələrinin şöhrəti və səmərəliliyi bərpa edilmiş, yeni-yeni istehsal sahələrinin əsası qoyulmuş, iqtisadiyyatın sənaye bazası genişləndirilmiş və müasirləşdirilmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-82-ci illər) idarəetmə mexanizmi və metodlarının təkmilləşdirilməsi, qanunçuluğa ciddi əməl edilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafı sahələrində yüksək göstəricilər əldə edilməklə yanaşı, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, soykökü əsasında millətdə müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün də çox mühüm işlər görülmüşdür. 1970-80-ci illərin birinci yarısı Azərbaycanın ictimai-iqtisadi və sosial-mədəni həyatında sürətli yüksəliş mərhələsi olmuş, müstəqil Azərbaycanın təməli qoyulmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-82) ictimai-iqtisadi inkişafın və milli-mədəni oyanışın bütün sahələrində müstəqilliyə doğru böyük dönüş başlanmışdır. O, dövlətçilik fəaliyyətinin Moskva dövründə də həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın yalnız SSRI məkanında deyil, həmçinin bütün dünyada tanıdılması üçün mövcud imkanlardan bacarıqla istifadə etmişdir.        Heydər Əliyev SSRI Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı seçilmiş, 9-cu çağırış SSRI Ali Soveti Ittifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırışlar) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olmuş, “Lenin” ordeni (4 dəfə), “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülmüşdür. 1970-80-ci  illərdə  Sov.  IKP MK və SSRI Ali Soveti nümayəndə heyətinin başçısı və üzvü kimi Meksika, Almaniya, Vyetnam, Koreya Xalq Demokratik Respublikası, Rumıniya, Yuqoslaviya, Italiya, Misir, Suriya və Hindistana rəsmi səfərlər etmişdir. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sov. IKP MK Siyasi Bürosunun və Baş katib M.S.Qorbaçovun yeritdiyi səhv xəttə, onun antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermiş və mövcud rejimə qarşı müxalif mövqe tutmuşdur. Heydər Əliyev sovet qoşunlarının 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qanlı qırğınla əlaqədar ertəsi gün, Kreml rejiminin təqiblərinə və səhhətinin ağır olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyində verdiyi bəyanatında Azərbaycan xalqına qarşı silah işlədilməsini qətiyyətlə pisləmiş, Azərbaycan xalqının Qurtuluş mübarizəsinin önünə keçmişdir. O, doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış, ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda Qurtuluş mübarizəsini davam etdirmiş, həmin ildə də Azərbaycan və Naxçıvan parlamentlərinə deputat seçilmişdir. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı illər (1991-93) muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda, əlamətdar dövrdür. Heydər Əliyev, birinci növbədə, Naxçıvan Muxtar Respublikasını Ermənistanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Bu illərdə ulu öndərin təşəbbüsü ilə muxtar respublikanın Ali Məclisinin adından "sovet, sosialist" sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20) üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. Blokada şəraitində olan muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirilmiş, qonşu Türkiyə və Iranla iqtisadi əlaqələr yaradılmış, Naxçıvanı Türkiyə ilə birləşdirən "Ümid körpüsü", Iranla yük və sərnişin daşınmasını təmin edən Şahtaxtı-Poldəşt körpüsü salınmışdır.        Xalqımızın böyük oğlu Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasındakı (1991, fevral) çıxışında Vətənin ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan etmiş, dağılmaqda olan Sovet Ittifaqında, eləcə də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək, cəmiyyəti dərindən düşündürən problemlər barədə mühüm ideyalar irəli sürmüş, prinsipial və konkret fikirlər söyləmiş, təkliflər vermiş, siyasi və iqtisadi böhranın səbəbləri, onların aradan qaldırılması yolları barədə qətiyyətli mövqeyini bəyan etmiş, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və günahkarı barədə demişdir: "Yaranmış vəziyyətin günahkarı hakimiyyətdə olan Kommunist Partiyasının Mərkəzi Komitəsi, partiya və dövlət hakimiyyətini ələ keçirmiş Qorbaçovdur".       Xalqının müstəqilliyi uğrunda dönmədən mübarizə aparan ulu öndər Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi müddətdə bütün Azərbaycan xalqı və Vətən üçün taleyüklü məsələlərdə daim qətiyyətlilik nümayiş etdirmişdir: Kommunist Partiyasının Naxçıvanda fəaliyyət göstərən bütün strukturları ləğv edilmiş (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 26 avqust tarixli qərarı), Azərbaycan Ali Sovetinin 1991-ci il 29 avqust tarixli sessiyasının qərarına əsasən, Azərbaycanda həmin il sentyabrın 8-nə təyin edilmiş prezident seçkilərinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilməsinin dayandırılması (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 4 sentyabr tarixli qərarı) haqqında qərar çıxarılmışdır. Onun siyasi təcrübəsi və qətiyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sabitlik təmin olunmuş, demokratik dövlət quruculuğu formalaşmışdır. 1993-cü ilin may-iyununda respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda, ölkə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda, Azərbaycan xalqı möhtərəm Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Bu, əsl mənada, milli hərəkata çevrildi və nəticədə, Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş günü kimi daxil oldu. Heydər Əliyevin başçılıq etdiyi Qurtuluş mübarizəsi zəfər çaldı. Bununla, dahi rəhbərin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı. Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxdı. Iyunun 24-dən isə Heydər Əliyev Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı, Azərbaycan dövlətçiliyinin varlığı üçün böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. Bu  qayıdışla əsas qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, respublikaçılıq, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu, milli tərəqqi, dünyəvilik kimi ümummilli, ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Dövlətin xarici siyasəti, o cümlədən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Böyük rəhbərin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda, hətta bədxahlarımız tərəfindən də etiraf edilən uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından çox əhəmiyyətli idi. Bu illərdə milli ordu quruculuğunda ciddi dəyişikliklərə başlandı. Təcavüzkar erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. Böyük siyasi xadimin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi. ATƏT-in Lissabon sammitində (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli mənafelərinə uyğun prinsipləri açıq şəkildə müdafiə etdi.       Xalqımızın böyük oğlu ölkənin milli mənafelərinə uyğun olan irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində çox gərgin fəaliyyət göstərdi. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqaviləsi bağlandı. Bundan sonra Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar yeni-yeni sazişlərin imzalanması belə müqavilələrin sayını 21-ə, iştirak edən dövlətlərin və iri şirkətlərin sayının isə müvafiq surətdə 15 və 33-ə çatdırılmasına imkan verdi. Bütün bunlar ölkənin iqtisadi sistemini canlandıracaq güclü maliyyə kanalı olmaqla yanaşı, eyni zamanda, çox mühüm siyasi məna kəsb edir və Azərbaycanın beynəlxalq aləmdə rolunu gücləndirən amil funksiyası daşıyır. Dahi öndərin yeritdiyi müdrik siyasət nəticəsində Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində də uğurlu addımlar atılmış, "Bakı-Supsa" boru kəməri və "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac boru kəməri tikilib istifadəyə verilmişdir. Böyük Ipək Yolunun bərpasına yönəlmiş beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamış, 1998-ci ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələrinin Bakıda konfransı keçirilmiş, konfrans proqramın icraçı katibliyinin Bakıda yerləşməsi haqqında qərar qəbul etmişdir. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu GUAM birliyinin yaradılmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyev dühasının xidmətləri ölçüyəgəlməzdir. 1999-cu ilin aprelində GUAM ölkələri başçılarının Vaşinqton görüşündə Heydər Əliyev təşkilatın ilk sədri seçilmişdir.         Ulu öndərin çoxşaxəli və genişmiqyaslı fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi böhranın aradan qaldırılması və tərəqqinin təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, ölkə iqtisadiyyatında ilk artım meyllərinin başlanması, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi və inflyasiyanın qarşısının alınması, manatın alıcılıq qabiliyyətinin davamlı surətdə sabit saxlanması prioritet sahələr olmuşdur. O, demokratik,  hüquqi  və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının və onun əsasında Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövləti insan hüquq və azadlıqları sahəsində bütün beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Ölkə rəhbərinin "Insan hüquq və azadlıqlarının təmin edilməsi haqqında" 1998-ci il 22 fevral tarixli fərmanı Azərbaycan Respublikasının dünyaya və Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratmış, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldırmış, 1995-ci ilin mayında əfvetmə təsisatı bərpa edilmiş, 1995-2003-cü illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus cəzaçəkmədən tam və ya qismən azad edilmiş, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasına "xüsusi qonaq" statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.         Prezident Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı-faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirmiş, bu yolda ardıcıl mübarizə aparmış, problemin sülh yolu ilə həlli baş tutmadıqda, Qarabağın silahla azad ediləcəyini əzmlə bəyan etmişdir. Türk dövlətləri arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərən ulu öndər türk dövlətləri başçılarının 1992-ci ildən işə başlamış zirvə toplantılarında müntəzəm olaraq fəal iştirak etmiş, türk xalqlarının birliyi naminə bir sıra dəyərli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Türk dövlətləri başçılarının 6-cı zirvə toplantısının (2000, aprel) Bakıda keçirilməsi və bu böyük tədbirin türk dünyasının böyük ədəbi abidəsinin - "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyinin beynəlxalq miqyasda qeyd edilməsi ilə eyni vaxta düşməsi də bu baxımdan çox əlamətdardır. Hər iki tədbirin çox yüksək səviyyədə keçirilməsi və bütün türk xalqlarının əsl bayramına çevrilməsi Azərbaycan liderini həm də çağdaş türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrətləndirmişdir.         Heydər  Əliyev  dahi  siyasi  və dövlət xadimi olmaqla yanaşı, həm də tarix, fəlsəfə, ədəbiyyat və incəsənətin gözəl bilicisi, elmin və mədəniyyətin hamisi idi. Onun bilavasitə təşəbbüsü və iştirakı ilə neçə-neçə ədəbiyyat, incəsənət və elm xadimlərinin yubileyləri keçirilmiş, onların fəaliyyəti yüksək dövlət mükafatları və fəxri adlarla qiymətləndirilmiş, abidələri ucaldılmışdır. Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan qocaman sənətkarlara, istedadlı gənc şair və yazıçılara, müxtəlif yaradıcılıq sahələrində ümidverici yeniyetmələrə fərdi təqaüdlər təyin etməsi də mədəniyyətimizin inkişafına ulu öndərin böyük qayğısının bariz nümunələrindəndir.       Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması çağırışı ilə Azərbaycan xalqına müraciətləri, türk xalqları və dövlətləri arasında əlifba və dil birliyinin təmin edilməsi və bir çox digər sahələrdə çoşğun fəaliyyəti möhtərəm Heydər Əliyevə böyük şöhrət gətirmişdir.         Azərbaycan xalqı, mütərəqqi beynəlxalq ictimaiyyət ulu öndər Heydər Əliyevin anadan olmasının 75, 80 və 85 illiyini böyük təntənə ilə qeyd etmişdir. Azərbaycanda və bir sıra xarici ölkələrdə xalqımızın ümummilli liderinin Azərbaycanın dövlət müstəqilliyi və tərəqqisi naminə titanik fəaliyyətindən bəhs edən silsilə kitablar, kitab-albomlar nəşr olunmuş, kinofilmlər yaradılmışdır. O,  bir  sıra  xarici  ölkələrin yüksək ordenlərinə, beynəlxalq mükafatlara, o cümlədən, Türkiyənin Sənaye və Iş Adamları Vakfının 1997-ci ilin insan haqları və ilin dövlət adamı mükafatına, "Ipək Yolu Fondu"nun təsis etdiyi "Ipək Yolu Xidmət Mükafatı"na (1998), Beynəlxalq Atatürk Sülh Mükafatına (1999), müxtəlif ölkə universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara, mükafatlara layiq görülmüş, dövlətlərarası əlaqələrin inkişafında, regional münasibətlərin, siyasi sabitliyin tənzimlənməsində yorulmaz səylərinə görə "Qızıl fortuna" Beynəlxalq Reytinq Təşkilatının ali mükafatı olan "Qızıl Ulduz" ("Qloriya populi") ilə təltif olunmuşdur (2001).

           Ümumdünya tarixinin nadir şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün Azərbaycan xalqının, bütün türk-islam dünyası və mütərəqqi bəşəriyyətin tarixinə ən ağır hüzn günü kimi daxil oldu. Dahi rəhbər əbədiyyət dünyasına arxasınca irəliləyən milyonlarla azərbaycanlını - doğma xalqını birləşdirərək qovuşdu. Ulu öndərin adı geniş miqyasda əbədiləşdirmiş, anadan olduğu Naxçıvan şəhərində Heydər Əliyevin büstü (1983) və heykəli (2007) ucaldılmış, Heydər Əliyev muzeyi (1999) yaradılmışdır. Azərbaycan Respublikasının bütün rayon, şəhər, böyük qəsəbə və kəndlərində Heydər Əliyev bağ və parkları, meydanları salınmış, bulaq-abidə kompleksləri, pannolar inşa edilmişdir. Kiyevdə Heydər Əliyev adına Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Institutu fəaliyyət göstərir. Heydər Əliyev məktəbləri və universitetlərində elmi-nəzəri mühazirələr, məruzələr dinlənilir, seminarlar keçirilir.  

             Azərbaycan xalqının ümummilli liderinin, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun şərəfinə “Heydər Əliyev” ordeni təsis edilmişdir (2005, 22 aprel).

     

    ƏLİYEV İLHAM HEYDƏR OĞLU (24.12.1961-ci ildə Bakı şəhərində anadan olub) - Azərbaycan Respublikasının Prezidenti (2003 ildən), görkəmli siyasi və dövlət xadimi. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər Institutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. 1991-ci ildən Moskvada "Oriyent" şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994 ildən) və birinci vitse-prezidenti (1997 ildən), Azərbaycan Resbulikasının baş naziri (2003) vəzifələrində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.

             Ilham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.  

           Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən Ilham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. Ilham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına Ilham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.

           Ilham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir.

           Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş Ilham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa xidmət nümunəsidir. Onun AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına çox güclü təsir göstərmişdir. Məhz Ilham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə  Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında Ilham Əliyevin böyük xidmətləri vardır. Avropa Şurasındakı fəaliyyəti, AŞPA-dakı obyektiv və konstruktiv çıxışları Ilham Əliyevə qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazandırmışdır. O, AŞPA-nın vitse-spikeri və Büro üzvü seçilmişdir (2003, yanvar).

           Ilham Əliyev ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan Ilham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadı nümayiş etdirmiş, qısa müddət ərzində Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar Ilham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.

           Ilham  Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da olimpiya idman - sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.

           2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanan Ilham Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident Ilham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi prezident fərmanı ilə 2004-08-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı qəbul olunmuşdur. Ölkə Prezidenti “Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında” 2004-cü il 9 fevral tarixli sərəncam imzalamışdır. Sərəncamda Naxçıvan Muxtar Respublikasına muxtariyyət statusunun verilməsi yüksək qiymətləndirilmişdir. Ilham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərlər etmiş (12-13.5.2004; 02.9.2004; 19-20.12.2005; 20-21.12.2006; 16.10.2007; 03-04.06.2008), muxtar respublikanın yubiley şənliklərində iştirak etmişdir. Ilham Əliyevin muxtar respublikaya səfərləri bu qədim diyarın hərtərəfli inkişafına yeni güclü təkan vermişdir. Prezident Ilham Əliyev ölkədə Insan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamları (2004, 12 yanvar), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir.

             Prezident Ilham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ilham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Ilham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.Azərbaycan  Prezidenti  Ilham Əliyev bir sıra ölkələrin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş,    AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur. Ilham Əliyev Azərbaycan Respublikasının ən ali mükafatı, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun şərəfinə təsis edilmiş “Heydər Əliyev” ordeninə layiq görülmüşdür.

     

    ƏLİYEVA ZƏRİFƏ ƏZİZ QIZI (28.4.1923, Kəngərli rayonunun Şahtaxtı kəndi – 15.4. 1985, Moskva) – oftalmoloq. Tibb elmləri doktoru (1979), professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. (1983), Rusiya Tibb Elmlər Akademiyasının akademiki (1981), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1980). Ə. M. Əliyevin qızı, Heydər Əliyevin həyat yoldaşıdır. Azərbaycan Dövlət Tibb Institutunu (indiki Tibb Universiteti) bitirmişdir (1947). Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya Institutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə Institutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982–85) vəzifələrində çalışmışdır. Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “Iridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva Azərbaycan iridologiyasının banisi idi və bu sahədə elmi məktəb yaratmışdır.

             Zərifə Əliyevanın doktriologiyadan bəhs edən “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqlar tərəfindən deyil, həm də fizioloqlar tərəfindən rəğbətlə qarşılanmışdır. Onun zəngin pedaqoji, elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” (prof. N. B. Şulpina və L. F. Moşetova ilə birgə) monoqrafiyasında əksini tapmışdır. Bu kitab oftalmoloq və həkimləri təkmilləşdirmə fakültəsinin müəllimləri üçün əvəzsiz vəsaitdir.

             Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti Idarə Heyətinin, “Vestnik oftalmoloqii” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə SSRI Tibb Elmlər Akademiyasının M. I. Averbax adına mükafatına layiq görülmüşdür (1981). 1994-cü ildə cənazəsi Moskvanın Novo Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur. Məzarı üstündə tuncdan heykəli ucaldılmışdır (heykəltaraş Ö. Eldarov). Bakıda Göz xəstəlikləri Institutu, Naxçıvan şəhər poliklinikası və Kəngərli rayonunun Şahtaxtı kəndindəki məktəb Zərifə Əliyevanın adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır.

     

    TALIBOV VASİF YUSİF OĞLU - ( на русском ) (d. 14.1.1960, Şərur rayonunun Aşağı Aralıq k.) - dövlət xadimi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri. Naxçıvan Dövlət Pedaqoji Institutunun (indiki Naxçıvan Dövlət Universiteti) tarix-filologiya fakültəsini (1981-ci il) və Bakı Dövlət Universitetinin hüquq fakültəsini (1998-ci il) bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlamış, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), Xüsusi şöbənin rəisi vəzifələrində çalışmışdır. Işlədiyi və təhsil aldığı illərdə doğma torpağına və xalqına qırılmaz tellərlə bağlı bir ziyalı kimi daim fəal həyat mövqeyində dayanmışdır. Azərbaycanda müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, Yeni Azərbaycanın qurulması məqsədilə həyata keçirilən islahatlar, bölgənin ərazi bütövlüyünün qorunması, ölkədə demokratik dəyərlərin bərqərar olması kimi ali məqsədlərə çatmaq üçün xalqın ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı uğrunda mübarizənin öncüllərindən olmuş və müdrik rəhbərin yanında olmaqla əsl mənada onun məktəbini keçmiş, yaxın silahdaşı olmuş, həyata keçirilən islahatlarda fəal iştirak etmişdir. Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici- iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışmışdır. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasında fəal iştirak etmişdir. YAP-ın Naxçıvan Muxtar Respublika təşkilatının 1995-ci il aprelin 8-də keçirilən konfransında onun sədri seçilən Vasif Talıbov, həm də partiya xadimidir. O, Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvvəsi olan YAP-ın rəhbər orqanında fəaliyyət göstərir. 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də və 2005-ci il noyabrın 6-da 1-ci, 2-ci və 3-cü çağırış Azərbaycan Respublikası Milli Məclisinin, 1-ci, 2-ci və 3-cü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq olaraq 1995-ci il dekabrın 16-da, 2000-ci il dekabrın 7-də və 2005-ci il noyabrın 28-də keçirilən ilk sessiyalarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn Vasif Talıbov Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında Azərbaycanda vətəndaş cəmiyyətinin və hüquqi dövlətin bərqərar olmasına, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və mədəniyyətinin daha da tərəqqisinə, xalqın rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin həyata keçirilməsi üçün müvafiq qanunların qəbul olunmasında olduqca səmərəli fəaliyyət göstərir. O, ilk növbədə muxtar respublika üçün həyati əhəmiyyət kəsb edən bu ərazinin bütövlüyünün qorunub möhkəmləndirilməsi problemlərini bacarıqla həll etmişdir.  

             Muxtar respublikada həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun adı ilə sıx bağlıdır.  

             Vasif Talıbovun bütün fəaliyyəti Azərbaycanda, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında cərəyan edən mühüm siyasi, ictimai  və mədəni proseslərlə sıx bağlıdır. Onun apardığı məqsədyönlü iş sayəsində qonşu xarici dövlətlərlə - Türkiyə Cümhuriyyəti və Iran islam Respublikası ilə normal münasibətlər yaradılmış, çoxsaylı müqavilələr imzalanmışdır. Belə münasibətlər Naxçıvanda sərbəst ticarətin, iqtisadi əlaqələrin, elm, təhsil və mədəniyyətin daha da inkişaf etməsinə kömək etmişdir.  

             1995-2005-ci illərdə muxtar respublikanın şəhər və kəndlərində  100-ə qədər müasir tipli ümumtəhsil məktəbləri tikilmiş, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər Institutunun, Naxçıvan Özəl Universitetinin yeni tədris korpusları, AMEA Naxçıvan bölməsinin Rəyasət Heyəti və 6 elmi-tədqiqat institutu üçün binalar istifadəyə verilmişdir. Eyni zamanda muxtar respublikanın şəhər və kəndlərində, xüsusilə Naxçıvan şəhərində mədəni-maarif ocaqları, idman kompleksləri, inzibati binalar inşa edilmişdir. 

             Naxçıvanın tarixi-memarlıq abidələrindən - Möminə Xatun məqbərəsi; Qarabağlar türbə kompleksi; Yusif Küseyr oğlu türbəsi; Xan evi; Buzxana; Imamzadə kompleksi; Əlincəçay Xanəgah kompleksi; «Ismayılxan hamamı» və başqaları yüksək səviyyədə əsaslı təmir və bərpa edilmişdir. C.Naxçıvanskinin, H.Cavidin, M.S.Ordubadinin, C.Məmmədqulazadənin, Y.Məmmədəliyevin ev-muzeyləri yenidən qurulmuşdur. Bəhruz Kəngərlinin adı əbədiləşdirilmiş və ev-muzeyi təşkil edilmişdir. Görkəmli pedaqoq, maarifçi və şair M.T.Sidqinin 150 illik yubileyi keçirilmiş, əsərləri nəşr edilmiş və xatirəsi əbədiləşdirilmişdir. H.Cavidin xatirəsinə monumental türbə ucaldılmışdır.

             Vasif Talıbovun rəhbərliyi ilə keçirilən «Uluslararası qaynaqlarda Naxçıvan» (10-13.07.1996-cı il) beynəlxalq simpoziumu Naxçıvan diyarının tarixinin xalqın milli mənafeyi baxımından, obyektiv şəkildə araşdırılmasında mühüm rol oynamışdır. Erməni millətçilərinin Naxçıvana əsassız ərazi iddialarına cavab olaraq Vasif Talıbovun təşəbbüsü və fəal iştirakı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix Institutu, Akademiyanın Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universiteti ilə birlikdə beynəlxalq elmi simpozium keçirmişdir (9-16.06.2006-cı il). Simpoziumda 50-dən çox məruzə dinlənilmiş, Türkiyə və Iran alimləri iştirak etmişlər. «Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları və onlardan daha səmərəli istifadə yolları» mövzusunda da beynəlxalq simpozium keçirilmişdir (14-16.09.2000-ci il). 

             Qədim Naxçıvan torpağının Azərbaycan xalqına məxsus olmasının daş pasportu olan Gəmiqaya tarixi-etnoqrafik abidələr kompleksinin öyrənilməsi məqsədilə Vasif Talıbov xüsusi sərəncam imzalamışdır (26.04.2001-ci il). Srəncamdan sonra hər il Gəmiqayaya arxeoloji-etnoqrafik ekspedisiyalar təşkil edilir. Vasif Talıbovun Sərəncamı ilə Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi bərpa edilmiş (28.06.2006-cı il), "Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan" mövzusunda beynəlxalq simpozium keçirilmişdir (24-25 aprel 2009-cu il).

             Vasif Talıbov dünya azərbaycanlılarının 1-ci qurultayında (Bakı, 9-10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan Ensiklopediyasının yeni ikicildlik  nəşri (2005-ci il) və «Naxçıvan abidələri» ensiklopediyası (2008-ci il) işıq üzü görmüşdür.

     

    NAXÇIVANİ ƏCƏMİ ƏBUBƏKR OĞLU (XII əsrin 20-ci illəri – XII əsrin sonu) – memar. Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi. Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, özünün sənət dühası ilə Səlcuqilər dövrü memarlığının bir qədər ağır və sərt üslubuna böyük incəlik və dinamiklik gətirmiş, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Yaratdığı abidələrin üzərindəki kitabələrdə özünü “Əbubəkr oğlu Əcəmi, Naxçıvanlı memar” adlandıran sənətkarın təsviri sənəti və mühəndisliyi memarlıqda üzvi şəkildə birləşdirdiyi aydın görünür. Şərqin böyük dühaları onu “Şeyxül-mühəndis” (mühəndislərin başçısı) adlandırmışlar.

             Əcəminin yaradıcılığı XII əsrdə qüdrətli Azərbaycan Atabəyləri dövlətinin paytaxtı Naxçıvanla bağlı olmuşdur. Mühüm beynəlxalq ticarət yolları qovşağında yerləşən, Azərbaycanın siyasi, iqtisadi, mədəniyyət, sənətkarlıq mərkəzi olan Naxçıvanda geniş abadlıq və tikinti işləri aparılırdı. Əcəminin ilk məlum abidəsi Yusif Küseyir oğlu türbəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən və el arasında “Atababa günbəzi” adı ilə tanınan bu türbə 1162-ci ildə tikilmişdir. Səkkizbucaqlı gövdədən, qülləvarı günbəzdən, bucaqlarda qoyulmuş dayaqlardan ibarət olan həmin abidə kərpicdən hörülmüş, divarları quraşdırma həndəsi ornamentlərlə örtülmüşdür. Burada bədiiliklə memarlığın tektonikası (arxitektonika) ahəngdar şəkildə birləşmişdir. Abidənin giriş qapısından soldakı kitabədə memarın adı yazılmışdır: “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli”. Təkcə Azərbaycanda deyil, islam aləmində ən hündür və incə kompozisiyalı türbələrindən sayılan Möminə xatın türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır. El yaddaşında “Atabəy günbəzi” adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Möminə xatının şərəfinə tikilmişdir. Türbə özünün iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı idi. Memarlıq prinsiplərinin təkmilləşməsi və mürəkkəbləşməsi əsasında yaradılmış onguşəli Möminə xatın türbəsi monumental abidədir. Türbə yeraltı hissəsinin quruluşu, xarici səthlərinin və bu səthləri bir-birindən ayıran tillərin memarlıq bölgülərinin həlli, eləcə də həndəsi ornamentlərin tərtibi cəhətdən misilsiz sənət nümunəsidir. Əcəmi Möminə xatın türbəsinin ornamentlərini həndəsi sistemləri xatırladan mürəkkəb naxış şəbəkəsi ilə hörmüş, kufi xətli kitabələri ornament bəzəklərinə uyğunlaşdıraraq, abidənin ümumi kompozisiyasına daxil edilməsinə ustalıqla nail olmuşdur.

             Əcəminin yaratdığı tikililərdən biri də XIX əsrə aid fotodan məlum olan qoşa minarədən və bunları birləşdirən baştağdan–portaldan ibarətdir. Bu abidə, Möminə xatın türbəsi də daxil olmaqla, böyük bir memarlıq kompleksinin giriş hissəsidir. Bu kompleksə daxil olan və XIX əsrə kimi dağınıq halda qalmış Naxçıvan Cümə məscidi, mənbələrdə adı çəkilən “Darülmülk” – Eldənizlər sarayı və “Dövlətxana”–hökumət binası da Əcəmi sənətinin nümunələridir.

             Əcəmi yaradıcılığı Azərbaycan və Yaxın Şərq ölkələri memarlığına böyük təsir göstərmişdir – Marağadakı Göy günbəzdə (1196), Naxçıvandakı Gülüstan türbəsində (XIII əsr), Qarabağlar türbəsində (XII–XIV əsrlər), Bərdə və Səlmas türbələrində (XIV əsr), türk memarı Sinanın (XVI əsr) Istanbulda tikdiyi türbələrdə Əcəmi ənənələri yaşayır. 1926-cı ildə Gəncədə Nizaminin məzarı üstündə abidə qoyularkən Əcəmi irsindən istifadə edilmiş, Nizami türbəsi Əcəmi dühası ruhunda tikilmişdir. Bakıda ucaldılmış Nizami heykəlinin kürsü hissəsində, Şuşadakı Vaqif türbəsində, Naxçıvan şəhərindəki Hüseyn Cavid  məqbərəsində  Əcəminin  memarlıq  irsinin təsiri aydın hiss olunur. Məşhur Avstraliya sənətşünası Ernest Dits qeyd edirdi ki, Sinanın Istanbulda tikdiyi türbələr Naxçıvan türbələrinin təsiri altında yaranmışdır. Sinan ordu mühəndisi kimi 1535–36-cı illərdə Iran səfəri zamanı Naxçıvana gəlib, Əcəminin memarlıq məktəbi ilə tanış olmuşdur.

             Əcəminin yaradıcılığı XII əsr Azərbaycan mədəniyyəti və ictimai fikrindəki intibahın parlaq təzahürlərindəndir. Abidələrindəki zəriflik, memarlıq bölgülərinin quruluşu, ornament bəzəklərinin oynaqlığı orta əsr anlayışı çərçivəsinə sığmayan bədii təfəkkürün məhsuludur. Onun ornament kompozisiyaları bədiiliklə riyazi fikrin vəhdətinə əsaslanır.

             Əcəmi memarlıq sənətinin başlıca problemlərindən olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsadüf edilən parlaq həllini tapan mühəndis və sənətkar olmuşdur. Onun yüksək mühəndislik qabiliyyəti Qərbi Avropa memarlarından bir əsr əvvəl Möminə xatın türbəsinin sərdabəsində qurduğu nervürlü tağlar sistemində və onun oturacağındakı mürəkkəb ornamentlərin əvvəlcədən hazırlanmış tavalar şəklində tərtibində, Cümə məscidinin nəhəng günbəzində və qoşa minarələrdə özünü göstərir.

     

    NAXÇIVANİ HİNDUŞAH (1245, Giran – 1328, ?) – tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi. Bağdadın Müstənsəriyyə mədrəsəsində oxumuşdur. Hinduşah Naxçıvani 1275-ci ildə qardaşı, Kaşan hakimi Seyfəddövlə Əmir Mahmudun naibi olmuş, daha sonra Müstənsəriyyə mədrəsəsində müdərris işləmişdir. 1289-cu ildə həmin mədrəsə üçün Nəcməddin Katibinin məntiqə dair “Came əd-dəqaiq fi kəşf əl-həqaiq” əsərinin üzünü köçürmüşdür. Əsrin sonlarında maliyyə sistemində çalışmış, bir sıra vilayətlərin hakimi olmuş, görkəmli dövlət xadimi kimi tanınmış və “Fəxr əd-dövlə” ləqəbi almışdır. Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti olaraq “Sahibi” nisbəsini qəbul etmişdir. Hinduşah Naxçıvani türk, ərəb, fars, eləcə də pəhləvi (orta fars) dillərini mükəmməl bilmiş, dərin məlumata malik olması, uzaqgörənliyi, ədəbi zövqü ilə diqqəti cəlb etmişdir. O, fəlsəfə, nücum, riyaziyyat və s. elmlərlə də məşğul olmuş, tərcümələr etmişdir. Müasiri Sədi Şirazi kimi, fars dilində səlis və gözəl nəsrin ən yaxşı nümunələrini yaratmışdır. H. Naxçıvaninin zəmanəmizədək bir neçə əsəri gəlib çatmışdır. Onun ərəb dilində yazdığı “Məvarid əl-ərab” antologiyası 1307-ci ildə Təbrizdə tamamlanmışdır. Ərəb xəlifələrinin (56 xəlifə) həyatından, dövrlərindən, onların vəzirlərindən, Əməvilər, Abbasilər və Səlcuqilərin tarixindən bəhs edən “Təcarüb əs-sələf” (“Sələflərin təcrübələri”) əsəri isə 1324-cü ildə tamamlanmış və Böyük Lur atabəyi Nüsrətəddin Əhməd bin Yusif şaha [1295–1330] ithaf olunmuşdur. “Təcarüb əs-sələf” əslində, ərəb alimi Ibn Təqtəqinin “Əl-Fəxri” əsərinin fars dilinə tərcüməsi kimi tanınır. Lakin Naxçıvani həmin əsəri fars dilinə səlis tərcümə etməklə yanaşı, onun bəzi hissələrini atmış, özündən çoxlu əlavələr etmiş, əsəri təkmilləşdirmiş və son nəticədə ərəb variantından 3 dəfə böyük həcmdə başa çatmışdır. Bu mövzuda fars dilində yazılmış ən mükəmməl əsər hesab olunan “Təcarüb əs-sələf”də müəllifin nəsli, özü, Şəmsəddin Cüveyni və başqa görkəmli şəxsiyyətlərlə bərabər, Naxçıvan barədə də məlumata təsadüf olunur. Müəllif Giranın Naxçıvan tüməninə, Vənənd kəndinin isə Girana aid olduğunu qeyd edir və Vənənddə Şəmsəddin Məhəmməd Cüveyni [1225–83] tərəfindən layiqli xanəgah tikdirdiyini və ona əmlak vəqf olunduğunu göstərir. H. Naxçıvaninin Naxçıvana olan həsrəti onun həmin diyardan olduğunu bir daha təsdiqləyir. Allahdan qüvvət, şəfa diləyən müəllif özünün yenidən Nəşəva (Naxçıvan) torpağına yetirilməsini təvəqqe edir. H. Naxçıvaninin “Sihah ül-əcəm” adlı əsəri farsca-azərbaycanca lüğətdir. 21 bab, 393 fəsildən ibarət olan bu lüğət 3 hissədən – müqəddimə (ərəb dilində), lüğət və fars dilinin qrammatikasından (ərəb dilində) ibarətdir. Burada digər lüğətlərə nisbətən ən çox fars sözü (5117) və onların qarşılığını ifadə edən təxminən 10.000-ə yaxın Azərbaycan sözü verilmişdir. Əsər XIII-XIV əsrlər Azərbaycan, eləcə də fars dillərinin leksikasını və qrammatikasını öyrənmək üçün qiymətli mənbədir.

     

    NƏSİRƏDDİN TUSİ (17.2.1201, Tus – 25.6. 1274, Bağdad) – ensiklopediyaçı alim, filosof, ictimai-siyasi xadim. Tusi onun nisbəsi, Nəsirəddin (dinin tərəfdarı) ləqəbidir. Məhəmməd adının əvəzedicisi Əbu Abdulla, yaxud Əbu Cəfər künyələri ilə də tanınmışdır. Ona Xacə (Cənab), habelə həmin mənada Mövla demişlər. Ilk təhsilini atasından və dayısından almış, sonra Xorasanda humanitar və dəqiq elmlərin müxtəlif sahələrini dərindən öyrənmişdir. Nəsirəddin Tusiyə 30.6.1222-ci ildə Müinəddin Salim Misri tərəfindən hədis söyləmək icazəsi verilmişdir.        

             Nəsirəddin Tusi ismaililərin başçılarından olan Kuhistan hakimi Nasirəddin Möhtəşəmin dəvəti ilə Isfahana getmiş, rəğbətlə qarşılanmışdır. Lakin aralarında baş verən müəyyən narazılıq nəticəsində Nəsirəddin Tusiyə inam azalmış və o, Ələmut qalasında, bir növ, həbsdə yaşamışdır. Hülaku xan 1256-cı ildə ismaililərin hakimiyyətinə son qoyarkən Nəsirəddin Tusini azad edib, özünə məsləhətçi götürmüşdür. Bağdadın fəthində iştirak edən alim müdrik tədbirləri ilə tanınmış, insanlara, xüsusən ziyalılara böyük qayğı göstərmiş, onları ölümdən qurtara bilmişdir. Marağa və Təbrizi tərk etmiş 500-ə qədər ailə onun sayəsində vətənə qayıtmışdır.

             Nəsirəddin Tusinin dünya elm və mədəniyyəti tarixində mühüm xidmətlərindən biri 1259-cu ildə Marağa Rəsədxanasını təşkil etməsidir. O, ayrı-ayrı millətlərin müxtəlif əqidəli 100-dən çox nümayəndəsini buraya toplamış, onların işləməsi  üçün  lazımi  şərait  yaratmışdı.  Rəsədxana nəzdində fəaliyyət göstərən mədrəsədə o dövrün bütün bilik sahələri, elmi, dini, fəlsəfi və ictimai-siyasi təlimləri öyrənilirdi. Mədrəsənin 400 min cilddən çox zəngin kitabxanası var idi. Nəsirəddin Tusi Bağdadda səfərdə olarkən vəfat etmiş, öz vəsiyyətinə görə onun yaxınlığındakı müqəddəs Kazımeyn şəhərində dəfn edilmişdir. Maraqlıdır ki, onun dəfn olunduğu sərdabə Nəsirəddin Tusi anadan olan vaxt–hicri tarixi ilə 75 il, 7 ay, 7 gün əvvəl, xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanılmışdı. 

             Nəsirəddin Tusinin Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd adlı üç oğlu da elm yolunu tutmuş, eyni zamanda dövlət işlərində çalışmışlar. Əvhədi Marağayi (1274–1338) “Dəhnamə” məsnəvisini (1306) Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif Əsiləddin oğlu Həsənə ithaf etmişdir. Nəsirəddin Tusi nəslindən olanlar sonralar Naxçıvan ərazisində yaşamış, elm, ədəbiyyat və incəsənət sahəsində tanınmışlar. Nəsirəddin Tusi nəslinin Ordubad mahalında yaşaması və buna görə I Şah Abbasın [1587–1629] oranı bütün vergilərdən azad etməsi haqqında fərmanı XVII əsrdə Ordubadda tikilmiş böyük Cümə məscidinin qapısı üstündəki daş kitabədə həkk olunmuşdur.

             Nəsirəddin Tusinin ilahiyyata, fəlsəfəyə, siyasət və etikaya dair traktatlarında onun dünyagörüşü geniş ifadəsini tapmışdır. Şiəliyin imamilik (imamət) təriqətinə mənsub mütəfəkkirin “Imamətə dair traktat” (“Risalə fi-l-imamə”) və bir sıra başqa əsərlərində təkcə 12 şiə imamı deyil, ümumiyyətlə, imam (başçı) üçün səciyyəvi keyfiyyətlər ön plana çəkilir. Nəsirəddin Tusi “Cəbr və qədr” traktatında insanın iradə azadlığını məqbul saymışdır. Təriqət təəssübkeşliyindən uzaq olan mütəfəkkirin əsərlərindən şiələr də, sünnilər də bəhrələnmişlər. Nəsirəddin Tusinin fəlsəfəyə dair traktatlarında Ibn Sinanın “Işarələr və qeydlər” kitabının şərhinə həsr olunmuş “Problemlərin həlli” (“Həll əl-müşkilat”), “Kəlamın təcridi” (“Təcrid əl-kəlam”), “Iqtibasın əsası” (“Əsas əl-iqtibas”) ilahiyyat məsələlərinə də müəyyən yer verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar Institutunda “Problemlərin həlli” traktatının XIII və XVII əsrlərə aid əlyazması nüsxələri vardır. Nəsirəddin Tusi Ibn Sina və Bəhmənyar məktəbinin görkəmli davamçısı olub, Şərq peripatetizmini inkişaf etdirmişdir. 

             Nəsirəddin Tusinin etik və ictimai-siyasi görüşləri, əsas etibarilə 1235-ci ildə Nasirəddin Möhtəşəmin şərəfinə yazılmış “Əxlaqi-Nasiri” əsərində əksini tapmışdır. Ümumi fəlsəfi məsələlərə də müəyyən yer verilmiş bu əsərdə xasiyyətlərin müxtəlif aspektləri, fəzilətli və qəbahətli cəhətləri araşdırılır, insanı kamilləşdirən keyfiyyətlər, xeyir və səadətə aparan məziyyətlər göstərilir. Diqqəti insan və cəmiyyət münasibətlərinə yönəldən Nəsirəddin Tusinin idarəetmə nəzəriyyəsində özünü, ailəni və dövləti idarəetmə məsələləri təhlil edilir, insanların “ədalət, fəzilət və hikmət qanunları əsasında idarə edilməsi” zəruri sayılır. Nəsirəddin Tusi fiqhə (müsəlman hüququ) dair əsərlərində humanist mövqe tutmuş, insanların əmin–amanlığı qayğısına qalmağı ümdə prinsip saymışdır. O, poeziya nəzəriyyəsinə, musiqiyə dair traktatların və fəlsəfi şeirlərin də müəllifidir. Nəsirəddin Tusinin dünyagörüşü, geniş mündəricəli fəlsəfəsi, mütərəqqi etik və ictimai-siyasi, habelə ilahiy­yata dair fikirləri bugünün özündə də böyük maraq doğurur, mühüm əhəmiyyət kəsb edir.

             1981-ci ildə anadan olmasının 780 illik yubileyi geniş qeyd olunmuş, şərəfinə medal təsis edilmiş, abidələri ucaldılmış, portreti (xalq rəssamı Nəcəfqulu) yaradılmışdır. Azərb. Respublikasının bir sıra elm, təhsil və mədəni-maarif müəssisəsinə, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasına, küçələrə Nəsirəddin Tusinin adı verilmişdir. YUNESKO-nun qərarı ilə anadan olmasının 800 illik yubileyi dünya miqyasında qeyd edilmişdir. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında” 13 iyun 2000-ci il tarixli Fərmanı ilə yubiley komissiyası yaradılmış və yubileyi keçirilmişdir.

     

    NƏİMİ (təqribən 1339/40 – 1394) – mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını “Cavidani-Səğir”, “Məhəbbətnamə”, “Ərşnamə” traktatlarında, qismən “Novmnamə” (“Yuxular haqqında”) əsərlərində və “Divan”ında şərh etmişdir. Başlıca əsəri “Cavidani-Kəbir”dir (“Cavidannamə”). Hürufilər allahın Fəzlullahda təcəssüm etdiyinə, onun allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurilər Nəimini Əlincə qalasına qədər təqib etmiş, əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir.

     

    KƏNGƏRLİ EHSAN XAN KƏLBƏLI XAN OĞLU (?, Naxçıvan – ?, orada) – Naxçıvanın sonuncu xanı. Kəlbəli xan Kəngərlinin oğlu, Ismayıl xan Naxçıvanskinin, Kalbalı xan Naxçıvanskinin və Qönçə bəyimin atasıdır. 1826–28-ci illər Rusiya – Iran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, Iran ordusunun sərhəngi (polkovniki) olan Ehsan xan Kəngərli rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli Irəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi. Çeşməbasar kəndində çeşmələr qazdırmış, Ərəzin kəndinin yaxınlığındakı təpədən keçən tunel vasitəsilə Nehrəm kəndinə su gətirtmiş, Naxçıvanda ilk rus-tatar (Azərbaycan) qəza məktəbi açdırmışdı. 1840-cı ildə süvari dəstəsinə başçılıq etmək şərti ilə naiblikdən imtina etmişdir. Sonralar Krım müharibəsində (1853–56) də şücaətlə vuruşmuşdur. “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdir. A. Bakıxanov və A. S. Qriboyedov Irana gedərkən Ehsan xan Kəngərlinin Xan dikindəki sarayında qonaq olmuşlar. A. S. Qriboyedov “Irəvan yürüşü” yol qeydlərində bu barədə bəhs etmişdir. Ehsan xan Kəngərlinin adı Kremlin Georgi salonunda qızılı hərflərlə yazılmışdır.

     

    NAXÇIVANSKİ KALBALI XAN EHSAN XAN OĞLU (1824, Naxçıvan –1.5.1883, orada) – hərbi xadim. General-mayor (1874). Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, Ismayıl xan Naxçıvanskinin qardaşıdır. 14 yaşında ikən Peterburqdakı zadəgan uşaqlarına məxsus Paj korpusu məktəbinə verilmiş, lakin qəfildən xəstələndiyinə görə Naxçıvana qayıtmalı olmuşdur. Müalicədən sonra 1849-cu ildə könüllü olaraq Dağıstan yürüşündə iştirak etmiş, döyüşlərdə igidlik göstərdiyinə görə zabit rütbəsinə layiq görülmüşdür. Krım müharibəsində (1853–56) igidliklə vuruşmuş, 1855-ci ildə leyb-qvardiya Qusar polkuna komandir təyin olunmuşdur. 1877–78-ci illər rus–türk müharibəsində azərbaycanlılardan ibarət Irəvan süvari briqadasının komandiri təyin olunan Naxçıvanski hərbi əməliyyatlarda böyük şücaət göstərmişdir. Xalq arasında böyük nüfuz sahibi olan Naxçıvanski Naxçıvanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni, iki “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuş, brilyantla bəzədilmiş qılıncla mükafatlandırılmışdır.